“Qəbələ ikinci yerdədir” – İlham Əliyev

“Qəbələ rayonunda yeni otel istifadəyə verilir. İndi tanış oldum, çox gözəl şərait var, ən yüksək səviyyədə xidmət göstəriləcəkdir”

."Qafqazinfo" xəbər verir ki, bunu prezident İlham Əliyev Qəbələdə "Qafqaz Yengicə Termal Hotel və SPA" kompleksinin açılışında rayon ictimaiyyəti ilə görüşdə deyib. Prezident bildirib ki, Qəbələnin turizm potensialının inkişafı üçün bu otelin də çox böyük əhəmiyyəti olacaq: "İndi Bakıdan sonra otellərin sayına görə Qəbələ ikinci yerdədir. Bu, məni çox sevindirir. Çünki bu bölgənin çox gözəl turizm imkanları var. Şadam ki, son illərdə biz bu imkanlardan maksimum dərəcədə istifadə edirik.Qəbələdə beşulduzlu, dördulduzlu, üçulduzlu otellər tikilir. Bu otelin də xüsusiyyəti ondan ibarətdir ki, burada insanlar müalicəvi sulardan istifadə edəcəklər və əlbəttə ki, turistlərin axını daha da güclü olacaqdır. Qəbələ Beynəlxalq Aeroportunun tikintisindən sonra indi buraya xarici qonaqlar da gəlirlər, onların da sayı artır. Azərbaycan vətəndaşları burada istirahət edirlər. Çox gözəl, əlamətdar hadisələrdir. Çünki bunlar həm bölgənin, həm Qəbələ rayonunun, eyni zamanda, ölkəmizin inkişafına xidmət göstərir.

Bu gün Qəbələdə tikilən otellər ən yüksək səviyyədədir. Yəni, bunların hamısı müasir standartlara cavab verir və istirahət etmək üçün çox gözəl imkanlar var. Qəbələ, eyni zamanda, mədəniyyət mərkəzinə çevrilir. Ənənəvi musiqi festivalları keçirilir və qonaqların sayı artır. Xarici qonaqlar Qəbələ ilə tanış olarkən vətənə döndükdə əlbəttə ki, öz təəssüratlarını bölüşürlər. Beləliklə, bu bölgəyə, bu şəhərə maraq daha da artır. Əlbəttə, bu, insanlar üçün də yeni imkanlardır. Bax, bu ərazidə bir neçə kənd yerləşir. O kəndlərin sakinləri də bundan istifadə edəcəklər, iş yerləri açılır. Minlərlə iş yerləri açılıbdır. Turizm obyektlərində işləyənlərin sayı artır. Həm təcrübə toplayırlar, eyni zamanda, yaxşı maaş alırlar. Beləliklə, ölkəmizin turizm sektoru sürətlə inkişaf edir.

Əlbəttə ki, turizmin inkişafı baxımından Bakı - bizim paytaxtımız birinci yerdədir. Bakıda indi dünyanın bütün əsas otel şəbəkələri fəaliyyət göstərir. Son 2-3 il ərzində şəhərimizdə beşulduzlu altı otel tikilmişdir. Bütün bu otellər ən yüksək səviyyədə xidmət göstərir. Baxın, cəmi iki il ərzində Bakıda "Marriott", "Hilton", "Kempinski", "Jumeirah", "Fairmont", "Four Seasons"- dünya miqyasında ən birinci sırada olan altı otel fəaliyyət göstərir. Ondan sonra "Sheraton", "Hyatt", "Radisson". Bu, ölkəmizin inkişafını göstərir və investorların Azərbaycanın gələcəyinə inamını əks etdirir.

İndi bölgələrdə də bu proses gedir. Şadam ki, digər rayonlarda da gözəl otellər açılır və mən də bütün o açılışlarda şəxsən iştirak edirəm. Misal üçün, bu yaxınlarda Şamaxıda gözəl otel açılmışdır - "Rixos". Qubada böyük qolf meydançası ilə bərabər müasir otel açılmışdır. Burada naftalan vannaları da vardır. O da çox düzgün addımdır. Çünki indiyədək insanlar naftalandan ancaq Naftalan şəhərində istifadə edə bilirdilər. İndi Naftalan şəhərində beşulduzlu iki otel fəaliyyət göstərir. Üçüncüsü də təxminən yaxın zamanlarda açılacaqdır. Yəni, bütün bölgələrdə bu proses gedir. İndi şəhərlər arasında turizmin inkişafı ilə bağlı gedən rəqabət məni çox sevindirir. Çünki bu, sağlam rəqabətdir. Bizim çox gözəl ölkəmiz, çox gözəl təbiətimiz, müxtəlif iqlimimiz, müxtəlif təbii zonalarımız, dağlarımız, çaylarımız, meşələrimiz var. Əlbəttə, biz bundan maksimum dərəcədə istifadə etməliyik ki, həm vətəndaşlar, həm də dövlət fayda götürsün.

Bizim güclü iqtisadiyyatımız var. Təbii ki, neft-qaz sektorumuz inkişaf edir. Bu yaxınlarda tarixi hadisə baş vermişdir. Bundan sonra onilliklər, bəlkə də 100 ildən artıq bir müddətdə Azərbaycan öz enerji resurslarını dünya bazarlarına çıxaracaq və bundan biz gəlir əldə edirik. Ancaq biz çalışmalıyıq ki, xidmət, qeyri-neft, sənaye sektorları və turizm inkişaf etsin. Turizm daimi gəlir mənbəyidir. Sadəcə, infrastruktur olmalıdır. Yollar, aeroport, əlbəttə ki, bütün digər infrastruktur layihələri - su, kanalizasiya, qazlaşdırma, elektrik enerjisi, otellər və yüksək xidmət".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00