Azərbaycan enerji məsələsində dünyaya meydan oxuyur

Hadı Rəcəbli: “İqtisadi inkişaf tempi onu göstərir ki, Azərbaycan, sözün əsl mənasında qüdrətli dövlətdir”

Azərbaycan dünyanın bir parçasına çevrildiyindən beynəlxalq aləmdə baş verən hadisələr ölkəmizə təsirsiz ötüşmür. Xüsusən, Ukraynada cərəyan edən hadisələrin Azərbaycandan yan keçəcəyi barədə düşünmək sadəlövlük olardı. Bəs bu təsir özünü hansı formada büruzə verə bilər? Millət vəkili, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Ukrayna ilə bağlı olan hadisələrin hər biri Azərbaycana birbaşa toxunan məsələlərdir. Belə ki, Krım hadisələri Qarabağ hadisələrinin qismən sinonimini təşkil edir. Ukrayna ərazilərinə hücumlar bizim işğal altında olan 7 rayonumuzda gedən proseslərə oxşayan proseslərdir. Eyni zamanda, bunlar hamısı dünyada bir daha çözüləndə Azərbaycan yada düşür: "Bununla yanaşı, Ukraynada baş verən hadisələrə görə Rusiyaya embarqo qoyulub, sanksiyalar tətbiq olunub, amma Ermənistana hələ heç bir sanksiya, embarqo qoyulmayıb, hansı ki, neçə illərdir ərazilərimiz işğal olunub. Yenə ikili standartlar tətbiq olunur. Hadisələrin dünyada belə inkişaf etməsi bir daha onu göstərir ki, dünyada gedən proseslərdən dünyanın bu və ya digər ölkəsi də xali deyil, o cümlədən, biz də. Məsələn, Ukrayna-Rusiya münaqişəsində bəzi məqamlar var idi ki, Rusiya oarda kəskin addımlar ata bilmirdi. Amma Amerikanın İraqda, Suriyada gedən proseslərə müdaxiləsi Rusiyaya imkan verdi ki, Ukraynadakı separatçı qüvvələrə dəstək versin. Rusiyanın dili onda açıldı ki, Amerika başladı İraqın, Suriyanın daxili məsələlərinə müdaxilə etməyə, İŞİD-lə bağlı əraziləri bombalamağa. Görürsünüz, dünyada gedən proseslər istər-istəməz gəlib bizə də çatır və beləliklə, bu hadisələrin gedişi sonda Azərbaycanın məsələlərinin həllinə də kömək edə bilər". Millət vəkili qeyd edib ki, regionda Azərbaycanla bağlı gedən proseslərdə Türkiyə mühüm rol oynaya bilər: "Biz əgər dünyadan danışırıqsa, beynəlxalq münasibətlərdən danışırıqsa, o zaman ən önəmli hadisə Rəcəb Tayyib Ərdoğanın prezident kürsüsünə gətirilməsi, Əhməd Davudoğlunun baş nazir seçilməsidir. Cənab Ərdoğanın bir daha Azərbaycana səfər etməsi və görüş vaxtı ona yüksək mükafatın verilməsi, Ərdoğanın çıxışında qaldırılan məsələlər, yəni, "mən NATO-nun iclasından başqa digər beynəlxalq təşkilatların iclaslarında da Qarabağ problemini qaldırıram, qaldıracağam" deməsi və həmişə bizim yanımızda olmasını dünyaya göstərməsi özü bizi bir daha düşündürür və gücləndirir. Möhtərəm prezidentimiz özü bu görüşdə dedi ki, Türkiyə nə qədər güclü olarsa, biz o qədər güclüyük. Bax bu da üçüncü məqamıdır ki, Azərbaycan üçün çox əhəmiyyətlidir, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı - həm ordu quruculuğu baxımından, həm iqtisadi münasibətlər baxımından Azərbaycan üçün əhəmiyyətlidir. Dördüncü məqam ondan ibarətdir ki, Azərbaycan bu gün beynəlxalq münasibətlərdə özünün iqtisadi qüdrəti, özünün karbohidrogen ehtiyatları ilə də dünyaya meydan oxuyur. Möhtərəm prezidentimiz İlham Əliyev cənablarının apardığı ardıcıl siyasət ona gətirib çıxarır ki, Azərbaycan artıq iqtisadi baxımdan dünyada öz sözünü deyə bilir. Bu temp bir daha onu göstərir ki, Azərbaycan, sözün əsl mənasında, qüdrətli dövlətdir. Çünki onun başında qüdrətli lider durur". Millət vəkilinin fikrincə, Azərbaycan bütövlükdə öz imkanlarından istifadə edib daxili sabitliyini qorumalıdır, bu çox vacib şərtlərdəndir: "Bir müddət öncə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev cənablarının mətbuat işçiləri ilə keçirdiyi görüşün əgər bir qismi sırf mətbuata aid idisə, digər qismi elə cəmiyyətə aid idi, cəmiyyətə mesaj idi ki, cəmiyyət bütöv olmalıdır, cəmiyyət bir nöqtəyə vurmalıdır, Azərbaycanın uğurları daha açıq çözülməlidir. Bu qədər rayonlarda gedib görüş keçiririk, görürsən ki, vaxtılə ancaq elektrik enerjisindən şikayət edən adamlar, ancaq onun düzəlməsini istəyən adamlar, bu gün artıq məktəb də tikilib qurtarıb, yollar da çəkilib qurtarıb, işıq da qurtarıb, su da çəkilib, kanalizasiya da çəkilib, indi artıq elektrik enerjisinin gərginliyinin  aşağı olmasından şikayət edirlər və sair.Yəni, bu inkişaf yeni arzulara gətirib çıxarır. Bu arzuların yaranması Azərbaycan dövlətinin uğurudur. Bu, bizim nöqsanlarımız deyil. Görürsünüz bəzi şeylər var idi ki, onlar əvvəllər heç qabarıq görünmürdü. İndi görünür. ASAN xidmət yarandı, korrupsiyanın qarşısını alır. Elə ASAN xidmət olandan sonra korrupsiya əməlləri o dəqiqə görünür. Yəni, bəzi məsələlər var ki, görünür, daha çox müdaxilə tələb edir, bəzi məsələlər var ki, daha yeni baxış tələb edir və bunlar da, əlbəttə, təbiidir. Ona görə hesab edirəm ki, Azərbaycanın sirrlərini həm də mətbuat qorumalıdır, mətbuat Azərbaycanın uğurlarını geniş yaymalıdır, təbliğ etməlidir. Açın, Rusiya kanallarına baxın, görün Rusiya kanallarında rus əsgərlərinin ölümü haqqında məlumat verilirmi? Onların kanallarında daim Ukrayna ordusunda nə qədər adam öldü, Ukrayna ordusunda görün nələr baş verir, ancaq bu tipli məlumatlar yayımlanmır. Ancaq bizim bu günləri əsgər ölümündən sevinən müxalifət qüvvələri, əsgər ölümünü şişirdən, ən xırda, ən kiçik nöqsanı belə şişirtmək istəyən, sensasiya yaradan mətbu orqanlarımız var ki, bunlar adamda təəssüf doğurur".

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00