Yaxşı ki həkim olmadı
11 Sentyabr 2014 15:37 SiyasətOnu bir zamanlar müxalifətin ən radikal siması hesab edirdilər. İnternat məktəbində oxuduğu üçün çox intizamlı, məsuliyyətli və savadlı idi. Hətta siyasi rəqibləri belə onun intellektini etiraf edirdilər. Amma bir neçə ildir ki, o aktiv siyasətlə məşğul olmur. Ancaq açıqlama verir və adətən kimisə qaralayır. Özü də müasirlərini də yox e, tarixi şəxsiyyətləri. Söhbət ADP sədri Sərdar Cəlaloğlundan gedir. "İsa Qəmbər DTK ilə əməkdaşlıq edib", "Əli Kərimli "yurfakt"da oxuduğu üçün Sovet xüsusi xidmət orqanları ilə əməkdaşlıq edirdi", "Fazil İstanbulda olanda nurçulara qoşulub" desə nə var ki. İsa Qəmbər adından Tural Abbaslı, Əli Kərimli adından Natiq cavab verəcəkdi, vəssalam. Bu adam tarixi qəhrəmanları hədəfə alır. Gah deyir ki, Babək fars qəhrəmanıdır, bizə aiddiyaytı yoxdur. Gah deyir, Nizami İran şairidir. Gah Nəsimini fars yazarı çıxarır, gah da Xətainin İran casusu. Onun fikrincə, Koroğlu qəhrəman deyil, quldurdur. Səməd Vurğun yaxşı şair deyil, rus ideologiyasına xidmət edib. O gün lap gül vurub. Deyib ki, Babək qəhrəman deyil, qəhrəman Bəzz qalasıdır. Bunu facebookda paylaşan bir həmkarımızzın statusuna maraqlı şərhlər yazılmışdı. Biri yazıb ki, ona qalsa Koroğlu da qəhrəman deyil, qəhrəman Misri qılınıncdı. Biri yazıb ki, o məntiqlə Nyuton da aferistin və atanşikin biri imiş. Alma özü ağacdan qırılıb, düşüb onun başına. O da utanmadan "cazibə qanunu kəşf elədim" deyə haray salıb. Əslində Cazibə qanununun müəllifi almadır. Nyuton onu öz adına çıxarıb...
Biri isə yazıb ki, "bir dəfə 2000-ci illərin əvvəli idi. Cəfər Cabbarlı heykəlinin yanında icazəsiz aksiyada bəyi polislər yerə yıxıb möhkəm döydülər. Adam o gedən getdi. Görünür, başına möhkəm vurublar". Vallah adamın ağlına min cür fikir gəlir. Bəlkə doğrudan da o dubinkanın təsiridir?..Axı bu adam belə deyildi. Bu qədər ifrata varmaq, absurd getmək olmaz axı. Yaxşı Babəkə "islam düşməni" dediniz, anladıq. "Fars ideologiyasına xidmət edirdi" dediniz, onu da qəbul etdik. Ta qələbələrini də Bəzz qalasının adına çıxmaq nə deməkdir? İbrahim ibn İshaq kimi ərəb sərkərdələrinə adamlar, Babəkin döyüşçüləri qalib gəlib e, daş-qaya yox. Özü də döyüş qalada olmayıb-meydanda olub. Səməd Vurğunu anladıq. Müstəmləkə xalqlarının tarixi, ədəbiyyatı ziddiyyətli olur. Görürsən, adam işğalçının ideologiyasına uyğun yazıb. Ancaq gözəl yazıb, sənət yaradıb, ana dilini göz bəbəyi kimi qoruyub. Səməd Vurğun da belə yazarlardandır. Onun Azərbaycan şahı Ağaməhəmmməd xan Qacara "axta" deməsi ağrıdır bizi. Ancaq Vurğun dillər əzbəri olan "Azərbaycan" şeirinin də müəllifidir. Hərdən düşünürəm ki, Sərdar bəy yaxşı ki, ixtisasının dalına düşüb həkim olmayıb. Yaxşı ki elə zərərsiz mövzulardan danışır, yazır. Bu ağıl və xarakterlə həkim olsaydı vay xəstələrin halına. Başı ağrıyana qarın ağrısı dərmanı yazar, "niyə yelçəkərdə oturmusan ki, səni soyuq alıb" deyə xəstələri döyərdi.
Ərhun Abbas