Azərbaycanın Mərkəzi Asiya ilə münasibətləri institusional xarakter alıb-Özəl
13:58 Siyasət"Oktyabrın 8-də Prezident İlham Əliyevin Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin yeni keyfiyyət mərhələsinə keçdiyini göstərir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Çıxışın əsas siyasi mesajlarından biri Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin artıq ayrı-ayrı ikitərəfli əlaqələr çərçivəsindən çıxaraq çoxtərəfli və institusional xarakter almasıdır. Azərbaycanın Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsi bu baxımdan mühüm yenilikdir. Beləliklə, Azərbaycan artıq Mərkəzi Asiyanın çoxtərəfli əməkdaşlıq mexanizmlərinin fəal iştirakçısına çevrilib. Bu nailiyyət iqtisadi münasibətlərin genişlənməsi üçün əlverişli mühit formalaşdırır. Prezidentin qeyd etdiyi kimi, son dövrdə qarşılıqlı yüksək səviyyəli səfərlərin intensivləşməsi tərəflərin strateji dialoqa marağını nümayiş etdirir.
Bu prosesin mühüm xüsusiyyəti ondan ibarətdir ki, münasibətlər yalnız siyasi bəyanatlarla məhdudlaşmır. Ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi və Azərbaycanda Mərkəzi Asiya kapitalı ilə yüzlərlə şirkətin fəaliyyət göstərməsi iqtisadi əlaqələrin real məzmun qazandığını göstərir. Başqa sözlə, siyasi yaxınlaşma iqtisadi əməkdaşlıq üçün zəmin yaradır.
Xüsusilə birgə investisiya fondlarının yaradılması əməkdaşlığın növbəti mərhələsinə keçid baxımından əhəmiyyətlidir. Burada söhbət yalnız hazır məhsulların alqı-satqısından deyil, birgə istehsalın qurulmasından, sənaye kooperasiyasından və üçüncü ölkələrin bazarlarına birlikdə çıxışdan gedir. Bu yanaşma Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında iqtisadi əlaqələrin daha dayanıqlı modelə keçməsinə imkan yarada bilər".