Trampın ABŞ–Rusiya sövdələşməsi Azərbaycan və TRIPP üçün geosiyasi risk yaradırmı?-Özəl

"ABŞ və Rusiya arasında dizel yanacağı ilə bağlı razılaşma, ABŞ-ın Maduro əməliyyatından sonra Venesuela ilə neft müqaviləsi, İran müharibəsi və onun enerji ixracına qarşı blokadası, Danimarka ilə Qrenlandiya sazişi və Ukrayna müharibəsi fonunda Rusiya ilə dizel sövdələşməsi ardıcıllıqla bir-birini tamamlayan strategiyadır. Bu strategiyanın perspektiv məqsədi resurslara və qlobal tranzit-dəniz marşrutlarına nəzarət imkanlarını təmin etməklə yanaşı, Çinin iqtisadi və geosiyasi potensialını məhdudlaşdırmaqdır". "Olaylar" xəbər verir ki, bunu hüquqşünas Vüqar Dadaşov deyib: "Çinin enerji təchizatında mühüm yer tutan Venesuela, İran və Rusiyanın enerji resurslarının ABŞ-ın təsir və nəzarət imkanları çərçivəsində cəmləşməsi Pekinə təzyiqi artırır. Xüsusilə, İranın enerji ixracının məhdudlaşdırıldığı şəraitdə Rusiya enerji resurslarının istiqamətinin dəyişdirilməsi Çinin enerji təhlükəsizliyinə və sənaye potensialına təsiri baxımından strateji nəticələr doğura bilər. 
Əlbəttə ki, Trampın Rusiya ilə dizel razılaşması kollektiv Qərbin Rusiyaya qarşı siyasəti ilə ziddiyyət təşkil edir. Bu yanaşma Qərbin vahid mövqeyini zəiflətməklə yanaşı, NATO daxilində parçalanma və müttəfiqlərin təhlükəsizliyi məsələsində ABŞ-a etimadsızlıq üçün də zəmin formalaşdırır.
Trampın Ukraynada prezident Zelenskinin dəyişdirilməsi və yeni prezident seçkilərinin keçirilməsi ilə bağlı açıqlamaları onun Rusiya ilə xüsusi əlaqələri barədə ehtimalları gücləndirir və bu da Moskvanın siyasi maraqlarına uyğun gəlir. Lakin ABŞ-Rusiya enerji razılaşmasının arxasında yalnız Ukrayna və Çin məsələləri deyil, daha geniş geosiyasi məqsəd dayanır.
Məlumdur ki, Ukraynanın Rusiyanın neft emalı infrastrukturuna hücumları Rusiyanın yanacaq istehsalında və daxili təchizatında ciddi çatışmazlıq yaradıb. Belə şəraitdə Moskvanın ABŞ-la dizel yanacağı ilə bağlı razılaşmaya getməsi siyasi, iqtisadi və hərbi baxımdan ziddiyyətlidir.
Lakin məsələyə yalnız Rusiyanın mövcud iqtisadi vəziyyəti prizmasından yanaşmaq düzgün olmazdı. ABŞ-ın məqsədi Rusiya enerji resurslarının Çinə yönəlməsini məhdudlaşdırmaq və satış istiqamətlərinə təsir göstərməkdir. Yəni, Rusiya enerji resurslarının ABŞ bazarına yönəldilməsi ikitərəfli ticarətdən daha çox, qlobal enerji axınlarını dəyişmək cəhdidir.
Əsas məqamlardan biri Rusiyanın çətin enerji vəziyyətində Çindənsə ABŞ-a üstünlük verməsi ehtimalıdır.
ABŞ-ın Ukraynaya dəstəyi Moskva-Vaşinqton münasibətlərini mürəkkəbləşdirsə də, Rusiya siyasi-iqtisadi güzəştlər müqabilində münasibətləri yaxşılaşdırmağa və Çinlə enerji əməkdaşlığının bir hissəsini alternativ istiqamətlərə yönəltməklə strateji manevr imkanlarını artırmağa çalışır. Moskva Pekindən uzaqlaşmaq istəməsə də, enerji amilindən siyasi sövdələşmə vasitəsi kimi istifadə etmək niyyətindədir.
Noyabr Konqres seçkiləri ərəfəsində Trampın Rusiya ilə dizel razılaşması enerji təchizatını genişləndirmək, yanacaq qiymətlərini azaltmaq və Respublikaçıların mövqelərini gücləndirmək cəhdi kimi şərh edilsə də, ənənəvi müttəfiqlərlə münasibətlərin gərginləşməsi, Rusiyaya qarşı siyasətdə ziddiyyətlər və Ukraynaya dəstəkdə qeyri-müəyyənlik, əksinə, Trampın həm siyasi elita, həm də seçicilər qarşısında mövqelərini zəiflədə bilər. Enerji qiymətlərinin azalması xarici siyasətdə etimad böhranını kompensasiya etməyə bilər. Bu, Tramp üçün seçkinin mənfi nəticələri ilə yanaşı, impiçment məsələsini də gündəmə gətirə bilər.
ABŞ-ın belə bir şəraitdə Rusiyaya əl uzatması, eləcə də Zəngəzur dəhlizi (TRIPP) və regional nəqliyyat-kommunikasiya layihələri ətrafında da mümkün razılaşmaya gedəcəyi düşüncəsini yaradır. Son zamanlar Ermənistanın da Azərbaycanla münasibətləri gərginləşdirmək cəhdləri bu ehtimalları gücləndirir.
Beləliklə, ABŞ-Rusiya enerji razılaşması qlobal enerji təchizatı, Çinin strateji bloklanması, Moskva ilə geosiyasi sövdələşmə, transatlantik birliyin zəiflədilməsi, eləcə də yeni tərəfdaşlıq perspektivləri kontekstində Trampın qısamüddətli iqtisadi-siyasi dividendlər naminə uzunmüddətli müttəfiqlik münasibətlərini və öz siyasi perspektivlərini riskə ataraq yüksək riskli geosiyasi strategiya seçdiyini göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31