Sabitliyi qorumaq hər birimizin vətəndaşlıq borcudur-Özəl

"Sabitlik hər bir dövlətin inkişafının, cəmiyyətin rifahının və xalqın təhlükəsiz gələcəyinin əsas təminatıdır. Sülhün, əmin-amanlığın və ictimai sabitliyin hökm sürdüyü ölkədə insanlar rahat yaşayır, uşaqlar təhsil alır, gənclər gələcəyə inamla baxır, iqtisadiyyat inkişaf edir, yeni imkanlar yaranır". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyinin sədri Rauf Rəcəbov deyib: "Biz bəzən sahib olduğumuz sabitliyin əhəmiyyətini yalnız onun təhlükə altına düşdüyü zaman anlayırıq. Halbuki sabitlik öz-özünə yaranmır. O, uzun illər ərzində formalaşan dövlətçilik ənənələrinin, milli birliyin, qarşılıqlı hörmətin və hər bir vətəndaşın məsuliyyətli mövqeyinin nəticəsidir.

Sabitliyi qorumaq yalnız dövlətin deyil, hər birimizin vətəndaşlıq borcudur. Bunun üçün cəmiyyətdə həmrəyliyi gücləndirməli, milli-mənəvi dəyərlərimizə sahib çıxmalı, qanunlara hörmət etməli, təxribatlara, nifaq yaradan çağırışlara və cəmiyyəti parçalamağa yönələn addımlara qarşı ayıq olmalıyıq. Fərqli düşüncələrimiz ola bilər, lakin bizi birləşdirən Vətən sevgisi, dövlətimizin gələcəyi və xalqımızın rifahı olmalıdır.

Unutmayaq ki, sabitlik təkcə bu günümüzün rahatlığı deyil, həm də gələcək nəsillər qarşısında məsuliyyətimizdir. Onu qorumaqla övladlarımıza təhlükəsiz, firavan və inkişaf edən bir ölkə miras qoyuruq.

Gəlin, sahib olduğumuz sabitliyin qədrini bilək, milli birliyimizi və həmrəyliyimizi qoruyaq, dövlətimizin inkişafına öz töhfəmizi verək. Çünki sabitlik varsa, inkişaf var; birlik varsa, güc var; sülh varsa, gələcəyə inam var!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31