Azərbaycan-Türkmənistan əməkdaşlığı: Orta Dəhliz və enerji sahəsində yeni imkanlar-ÖZƏL
21:53 SiyasətAzərbaycan və Türkmənistanı çoxəsrlik dostluq və qardaşlıq əlaqələri bağlayır, iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Bunu Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında bildirib. Dövlət başçısı yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdığını vurğulayıb.
Azərbaycan və Türkmənistan arasında strateji tərəfdaşlığın möhkəmlənməsi regionda siyasi və iqtisadi əməkdaşlığa hansı töhfələri verə bilər?
Xəzər dənizi, nəqliyyat-logistika marşrutları və Orta Dəhliz kontekstində Azərbaycan-Türkmənistan əməkdaşlığının gələcək perspektivlərini necə qiymətləndirirsiniz?
Mövzu ilə bağlı politoloq Murad Sadəddinov Olaylar.az-a açıqlama verib:
" Azərbaycanla Türkmənistan arasında münasibətlərin bir neçə istiqamətdə böyük perspektivləri var. Onlardan biri də nəqliyyat-logistika sahəsidir. Hətta sovet dövründə Orta Asiya ilə Qafqaz arasında Xəzər dənizi vasitəsilə bərə nəqliyyatı mövcud idi. Hesab edirəm ki, bu istiqamətin hazırda da inkişaf etdirilməsi Orta Dəhlizə böyük töhfə verə bilər. Bu baxımdan, burada çox böyük perspektivlər var. Çünki Orta Dəhlizə həm Çin, həm Mərkəzi Asiya ölkələri, həm Türkiyə, həm də Avropa İttifaqı tərəfindən böyük ehtiyac var.
İkinci istiqamət isə Azərbaycanla Türkmənistan arasında münasibətlərin inkişafı baxımından neft-qaz sahəsidir. Türkmənistan böyük neft-qaz ehtiyatlarına malikdir və təbii qaz ehtiyatlarının həcminə görə dünyada dördüncü yerdədir. Bu baxımdan, Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropa bazarına çatdırılması üçün gələcəkdə böyük imkanlar mövcuddur. Düşünürəm ki, Azərbaycanla Türkmənistan arasında münasibətlərin, xüsusilə iqtisadiyyat və nəqliyyat sahələrində inkişafı üçün çox böyük perspektivlər var".
Zeynəb Mustafazadə