“Çiçəklənən Ermənistan" Partiyası seçki nəticələri ilə bağlı AİHM-ə müraciət edəcək – ÖZƏL
16:16 SiyasətOlaylar.az xəbər verir ki, "Çiçəklənən Ermənistan" Partiyası (ÇEP) parlament seçkilərində səslərin mənimsənilməsi iddiası ilə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət verəcək. Bu barədə partiya nümayəndəsi, keçmiş deputat Elinar Vardanyan keçirdiyi mətbuat konfransında bildirib.
Vardanyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) son hesabatına toxunaraq vurğulayıb ki, sənəddə ciddi qanunsuzluqlar qeyd olunsa da, seçkilərin geo-siyasi səbəblərdən legitim tanınması təəssüf doğurur. Onun sözlərinə görə, hesabatda 3 məntəqədə təkrar səsvermənin ləğvinin mandat bölgüsünə təsir etdiyi, məhkəmə sisteminin pozuntuları aradan qaldırmadığı və müxalifətçilərə qarşı seçici ədalətin tətbiq olunduğu təsbit edilib.
ÇEP nümayəndəsi AİHM-ə təqdim olunacaq iddialarda AŞPA-nın bu hesabatından əsas sübut kimi istifadə edəcəklərini və beynəlxalq təşkilatlarla işi davam etdirəcəklərini diqqətə çatdırıb.