Aİ Parlamentindən Gürcüstan rəhbərliyinə sanksiya tələbi: Samadaşvilidən Papuaşviliyə kinayəli təbrik – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Parlamenti "Gürcü Arzusu" partiyasının müxalifət partiyalarını qadağan etmək cəhdlərini qətiyyətlə pisləyən növbəti qətnamə qəbul edib. 445 lehinə, 37 əleyhinə səs xəttilə qəbul olunan sənəddə müxalifətə qarşı konstitusiya iddiasının dərhal geri çağırılması tələb olunur. Eyni zamanda, sənəddə Avropa İttifaqı və üzv ölkələr "Gürcü Arzusu"nun fəxri sədri Bidzina İvanişvili, baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və Tbilisi meri Kaxa Kaladzeyə qarşı sanksiyalar tətbiq etməyə çağırılır.

Bu qərara münasibət bildirən "Lelo - Güclü Gürcüstan" koalisiyasının liderlərindən Salome Samadaşvili Şalva Papuaşvilini xüsusi "təbrik edib". Deputat qeyd edib ki, Papuaşvili Aİ Parlamentinin fəaliyyətdə olan spikerlərə sanksiya tələb etdiyi nadir hallardan birinə çevrilərək Venesuela nümayəndəsi Xorxe Rodriges və rusiyalı siyasətçilər Vyaçeslav Volodin ilə Valentina Matviyenkodan sonra "fəxri dördüncü yeri" tutub. Samadaşvili kinayə ilə əlavə edib ki, İvanişvilinin "növbəli baş nazir stulu" növbəti dövr üçün məhz Papuaşviliyə qismət olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31