ABŞ-nin TRIPP layihəsi və Aİ-nin geoiqtisadi maraqları Cənubi Qafqazda toqquşur – ÖZƏL
10:26 SiyasətOlaylar.az xəbər verir ki, ermənistanlı politoloq Vaqe Davtyan "Sputnik Armenia"ya müsahibəsində İrəvanı ABŞ-nin "TRIPP" (Tramp Marşrutu) layihəsi ilə bağlı tələsməməyə və strateji fasilə götürməyə çağırıb. Ekspertin fikrincə, ABŞ-nin iqtisadi proteksionizmə əsaslanan bu layihəsi Avropa İttifaqının "Global Gateway" proqramı və Avropa-Qafqaz-Asiya meqaloqistikası ilə ziddiyyət təşkil edir. Rusiyadan qaz idxalını dayandırmağa hazırlaşan Aİ üçün Mərkəzi Asiya resurslarına çıxış həyati əhəmiyyət kəsb edir və Vaşinqtonun regiona müdaxiləsi Brüsselin müstəqil dialoqunu məhdudlaşdırır.
Davtyan TRIPP layihəsinin Ermənistan üçün vəd etdiyi illik 15 milyon ton yükdaşıma potensialını da təbliğat xarakterli "informasiya mifi" adlandırıb. O, Bakı-Tbilisi-Qars xəttinin imkanları ilə müqayisə apararaq bildirib ki, bütün regional infrastrukturlar açılmadan, yalnız Sünikdəki 43 kilometrlik sahəyə belə ümid bəsləmək Ermənistanın yarımizolyasiya vəziyyətini daha da möhkəmləndirəcək.
Xatırladaq ki, Sünik vasitəsilə Naxçıvana quru yolunu nəzərdə tutan və ABŞ-yə 99 illik eksklüziv hüquqlar verən çərçivə sazişi artıq İrəvan və Vaşinqton arasında imzalanıb. Moskva isə Rusiya sərhədçilərinin varlığını, "Cənubi Qafqaz Dəmir Yolları" ASC ilə mövcud konsessiya müqaviləsini və Aİİ amilini xatırladaraq, layihənin infrastruktur və geopolitik risklərinə diqqət çəkir, eyni zamanda onun təfərrüatları dəqiqləşdiriləcəyi təqdirdə iştirak imkanlarını istisna etmir.