Qlobal sülhün yeni aləti: Beynəlxalq media tərəfdaşlığının əhəmiyyəti – ÖZƏL
13:47 SiyasətOktyabrın 1-də Media və Yayım Şurasının təşkilatçılığı ilə "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM Media Forumu işinə başlayıb.
Tədbirdə üzv dövlətlərin hökumət və media qurumlarının nümayəndələri, media menecerləri və sahə mütəxəssisləri iştirak edirlər. Forumun əsas müzakirə mövzularını media vasitəsilə qarşılıqlı etimadın möhkəmləndirilməsi, etibarlı və qərəzsiz informasiya təminatı, eləcə də süni intellekt və sosial medianın müasir informasiya məkanına təsiri təşkil edir.
Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev Olaylar.az-a danışıb. Siyasi şərhçi bildirib ki, hazırda beynəlxalq münasibətlər özünün ən gərgin, ən kritik dövrlərindən birini yaşayır. Forumun adından da göründüyü kimi, qütbləşmiş dünyada bu gün hibrid müharibələr, psixoloji savaş sosial media üzərindən daha çox yürüdülür və bu prosesdə də süni intellektdən xoşməramlı deyil, daha çirkin məqsədlər üçün siyasi-informasiya aləti kimi daha çox istifadə olunur. Şübhəsiz ki, dövlətlərin bir-birinə qarşı olan kəskin münasibəti media vasitələri arasında əməkdaşlığı da çətinləşdirir. Amma uzunmüddətli etimadsızlıq istər-istəməz dünya ictimaiyyətinin də, ayrı-ayrı ölkə vətəndaşlarının da gərgin atmosferdə yaşamasına gətirib çıxarır ki, bu da təkcə xarici mediaya deyil, həm də daxili medianın özünə olan inamı sarsıdır. Daxili mediaya inamın sarsılmasının səbəbi isə xüsusilə dünyada, başqa ölkələrdə və ayrı-ayrı regionlarda baş verən xəbərləri birinci mənbədən əldə etmək üçün resursların hər bir ölkənin yerli mediasında kifayət qədər olmamasıdır. Buna görə onlar xarici mediadan, xüsusilə də beynəlxalq media qurumlarından mənbə kimi istifadə etmək məcburiyyətində qalırlar. Qeyd etdiyimiz kimi, bu media qurumlarında qərəzli yanaşma nümayiş etdirildiyi zaman istər-istəməz hər bir ölkənin yerli ictimaiyyəti obyektiv informasiyadan daha çox birtərəfli və qərəzli informasiyadan xəbərdar olmuş olur. Bu baxımdan, bu forumun qarşıya qoymuş olduğu məqsəd olduqca təqdirəlayiqdir. Çünki, gerçəkdən, qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması, həm də günü-gündən artan müharibə gərginliyinin, diskriminasiya və ayrı-seçkilik təbliğatının qarşısının alınmasında çox mühüm bir alətdir, çox mühüm bir vasitədir. Bu baxımdan hesab edirəm ki, forumun işi uğurla alınarsa, bu, əslində, qlobal sülhə verilmiş bir töhfə olardı. Tərəqqipərvər qüvvələrin bu gün dünyada baş verən hadisələrə çevik və operativ reaksiya imkanları həm də etimadlı media qurumlarının informasiyalarından istifadə etməkdən keçir. Çünki bu gün sosial şəbəkələr hər bir insan üçün əlçatan olduğu qədər, həm də mənşəyi və mənbəyi məlum olmayan informasiyaların - istər ölkə daxili məlumatlar olsun, istər beynəlxalq məsələlər, istərsə də xarici ölkələrlə bağlı məlumatlar - yayılmasına və istər-istəməz ziddiyyətli fikirlərin daha çox yayılmasına səbəb olur.
"Bu gün qlobal sosial şəbəkələrdən böyük dövlətlərin kiber qurumları, müəyyən troll dəstələri daha çox peşəkarlıqla istifadə edir. Nəticədə hadisə və proseslər haqqında obyektiv rəy yaratmaq istəyən ekspertlərin, ayrı-ayrı ziyalıların və vətəndaşların paylaşımlarından daha çox onların yaydığı məlumatlar insanlara çatmış olur. O baxımdan, yenə də dünya haqqında gerçəkləri bilmək, öyrənmək üçün dövlət nəzarətində olan və müstəqil nüfuzlu media qurumlarına istinad etmək əvəzsizdir. Belə qurumların fəaliyyətinin əlaqələndirilməsi, qarşılıqlı əməkdaşlığı da hazırkı həssas dövr üçün olduqca zəruri bir yanaşmadır", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova