Multikulturalizm, pozitiv dünyəvilik və başörtüyü- ÖZƏL

"Nazirlər Kabinetinin məktəbli geyimi ilə bağlı son qərarındakı "dünyəvilik prinsipinə uyğun olmayan" geyim elementlərini qadağan edən ifadə ciddi suallar doğurur. Sagirdlərin başörtüyü və ya hicab açıq şəkildə göstərilməsə də, bu müddəa başörtüyünün qadağan edilməsi kimi şərh oluna bilər. Tələblərə riayət məsələlərinin məktəbin Pedaqoji Şurasına həvalə olunması isə qeyri-müəyyənliyi artırır. Çünki eyni geyim bir məktəbdə qəbul edilib, digərində qadağan oluna bilər". "Olaylar" xəbər verir ki, bunu Sosiologiya üzrə fəlsəfə doktoru, Dosent Asəf Qənbərov deyib: "Əvvəlcə xüsusi bir məqamı aydınlaşdırmaq lazımdır. Konstitusiyanın 48-ci maddəsinin qoruduğu dini etiqadı ifadə etmək azadlığı dini mənalı geyimi də əhatə edir. Bu hüququn məhdudlaşdırılması əsaslandırılmalı və mütənasib olmalıdır. Başörtüyü ilə dərsə gələn şagirdə yalnız "məktəb dünyəvidir" deyərək qapını bağlamaq kifayət qədər hüquqi əsas sayıla bilməz. Qərar belə tətbiq edilərsə, konstitusion hüquqla ziddiyyət yarada bilər. Bu halda əsas götürülməli olan Konstitusiyadır.
Fikrimcə, vahid forma ilə dini geyimi uyğunlaşdırmaq mümkündür. Formanın rənginə və təhlükəsizlik tələblərinə uyğun başörtüyünə icazə verilməsi həm qanunlar çərçivəsində, həm də multikulturalizm siyasətinin tərkib hissəsi kimi əsaslandırıla bilər. Biz multikulturalizmdən çox danışırıq və adətən Azərbaycan təcrübəsini dünyaya nümunə göstəririk. Amma onun mahiyyəti məhz fərqli inancı olan insanın həmin fərqliliklə cəmiyyət həyatında iştirakına imkan yaratmaqda üzə çıxır.
İngiltərədə müsəlman qadın polislər uniforma ilə başörtüyü geyinə bilirlər. Hətta xidmət zamanı təhlükəsizliyi təmin edən xüsusi başörtükləri hazırlanır. Beləliklə, vahid forma tələbi ilə dini etiqadın ifadəsi uzlaşdırılır. Böyük Britaniyada "pagg" adlanan xüsusi başörtüyü geyinən siqh dininin ardıcılları üçün motosikletdə qoruyucu dəbilqə taxmaq tələbindən qanuni istisna var. Bunlar dini ehtiyaclara uyğunlaşdırmanın konkret nümunələridir. Əvvəllər multikulturalizmlə bağlı yazılarımda da bu nümunələrə toxunmuşam. Multikulturalizmin mənası fərqli insanların təhsilə, işə və ictimai həyata bərabər çıxışını təmin edən praktikalardan ibarətdir.
Eyni sual dünyəvilik anlayışına da aiddir. Azərbaycanda dövlətlə din arasında münasibətləri nümunəvi mötədil, bəzən də "pozitiv dünyəvilik" kimi təqdim edirik. Hansı adı seçiriksə seçək, mötədil dünyəvilik dini etiqadın ictimai həyatda ifadəsinə yer verməlidir. Dövlətin neytrallığı qoruması ilə vətəndaşın dini mənsbuyyətini ifadə etməsi prinsip etibarilə bir-birinə zidd deyil.
Fransada dövlət məktəbləri üçün daha məhdudlaşdırıcı yanaşma mövcuddur. Ancaq orada belə dinin bütün ictimai məkandan çıxarıldığını söyləmək doğru olmaz: küçədə və digər ümumi məkanlarda dini simvolların daşınması prinsipcə sərbəstdir. Azərbaycanın öz təcrübəsini və ənənələrini nəzərə almadan, dünyəviliyi yalnız Fransa modelinə uyğun qadağa vasitəsi kimi şərh etməsi, həm müdafiə müdafiə etdiyimiz multikulturalizm anlayışı ilə, həm də mötədil dünyəvilik modeli ilə uzlaşmır. 
Bəziləri uşağın hicaba özü qərar verib-vermədiyini önə çəkir. Bu sual konkret vəziyyətdə əhəmiyyətli ola bilər, amma bütün başörtülü uşaqların məcbur edildiyini fərz etmək ümumi qadağaya əsas vermir. Valideynin övladına öz inancına uyğun tərbiyə və istiqamət vermək hüququ var. Daha açıq desək, yetkinlik yaşına çatmayan şagirdin başörtüyü geyinməsi valideynin hüququdur. Bununla yanaşı, uşağın öz vicdan azadlığı da mövcuddur; onun yaşı, yetkinliyi və inkişaf edən qərarvermə qabiliyyəti nəzərə alınmalıdır. Valideynin rəhbərliyi uşağın iradəsini və hüquqlarını yox saymaq səlahiyyəti deyil. 
Ona görə də qərardakı qeyri-müəyyən ifadə aydınlaşdırılmalı və bu qərar dini geyimə görə uşaqların təhsildən kənarlaşdırılmasına yol açmamalıdır. Məktəb həm dünyəvi təhsili, həm də vahid formanı qorumaqla, şagirdin və valideyninin dini etiqadına hörmət edə bilər. Düşünürəm ki, multikulturalizmə bağlılığımız məhz belə hallarda verdiyimiz qərarlarla ölçülür.
Sonda qeyd etmək istəyirəm ki, insan hüquqlarının qorunması cəmiyyətin müxtəlif qruplarının bir-birinə dəstəyini tələb edir. Sekulyarlar dindarların etiqad azadlığını, dindarlar da sekulyarların və ateistlərin inanmamaq və öz baxışlarını sərbəst ifadə etmək hüququnu müdafiə etməlidirlər. Yalnız özümüzə bənzəyənlərin hüquqlarını qorumaqla vətəndaş cəmiyyəti qurmaq olmaz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31