Türk dünyası və İslam həmrəyliyi: Bakının yaratdığı yeni platforma

Müasir beynəlxalq münasibətlərdə dövlətlərarası əlaqələr artıq yalnız klassik diplomatik kanallarla məhdudlaşmır. Humanitar, mədəni və dini diplomatiya da dövlətlərin beynəlxalq əlaqələrinin mühüm istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Azərbaycanın dini liderlər arasında dialoqun təşviqinə verdiyi önəm ölkəmizin xarici siyasətinin humanitar komponentinin gücləndirilməsi kimi qiymətləndirilir.

Sentyabrın 15-də Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının iştirakçılarını qəbul etməsi yalnız dini xarakterli tədbir kimi qiymətləndirilməməlidir. Bakıda keçirilən bu toplantının siyasi məzmunu və regional əhəmiyyəti daha geniş müstəvidə nəzərdən keçirilməlidir. Tədbirin iştirakçı coğrafiyası, Prezidentin çıxışında səsləndirdiyi mesajlar və Azərbaycanın Türk dünyası ilə İslam aləmi arasında əlaqələndirici mövqeyinə verilən diqqət bu platformanın getdikcə daha geniş siyasi və humanitar məna kəsb etdiyini göstərir.

Toplantının ən diqqətçəkən cəhətlərindən biri onun yalnız TDT üzv dövlətlərinin dini rəhbərlərini deyil, daha geniş coğrafiyanı əhatə etməsidir. Tədbirdə Türk dövlətləri ilə yanaşı, Gürcüstan, Suriya və Şimali Qafqazın dini nümayəndələrinin iştirakı Azərbaycanın regional mövqeyinin ayrıca əhəmiyyətini nümayiş etdirir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan həm Türk dünyasının, həm də Qafqazın ayrılmaz hissəsidir. Bu coğrafi və tarixi xüsusiyyət Bakını müxtəlif dini, mədəni və siyasi çevrələrin dialoqu üçün mühüm platformaya çevirir.

Prezident İlham Əliyevin çıxışının əsas siyasi mesajlarından biri Türk dünyasının birliyi ilə İslam həmrəyliyinin bir-birini tamamlayan proseslər kimi təqdim edilməsidir. Azərbaycan son illərdə hər iki istiqamətdə fəal mövqe nümayiş etdirir. Bir tərəfdən Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi, iqtisadi, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafına töhfə verir, digər tərəfdən İslam dünyası ilə əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. Bu iki istiqamətin Bakıda eyni platformada təzahür etməsi Azərbaycanın xarici siyasətində müxtəlif əməkdaşlıq formatlarının bir-birini tamamlamasının nümunəsidir.

Toplantının Qarabağla əlaqələndirilməsi isə ayrıca siyasi məna daşıyır. Dini liderlərin Ağdam, Xocalı və Şuşaya səfərləri onların Azərbaycanın yaxın tarixini və Qarabağda baş vermiş hadisələrin nəticələrini yerində görmələrinə imkan yaradır. Xüsusilə Ağdam məscidinin tədbirlə bağlı proqramın bir hissəsinə çevrilməsi rəmzi baxımdan diqqətçəkəndir. Prezident İlham Əliyev çıxışında Ağdam məscidinin işğaldan əvvəl şəhidlərin və Xocalı qurbanlarının dini mərasimlərinin keçirildiyi məkan olduğunu xatırladıb və məscidin azad edilməsindən sonra bərpa olunan ilk obyektlərdən biri olduğunu bildirib.

Bu məqam Qarabağ həqiqətlərinin yalnız siyasi və diplomatik müstəvidə deyil, həm də dini-mədəni yaddaş kontekstində beynəlxalq ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətlidir. Dini liderlərin Qarabağa səfəri həmin ərazilərdə dağıdılmış və bərpa edilən dini abidələri görməklə yanaşı, Azərbaycanın müharibədən sonrakı quruculuq siyasəti barədə birbaşa təsəvvür formalaşdırmalarına imkan yaradır.

Belə bir formatın davamlı xarakter alması onun gündəliyinin zaman keçdikcə daha da genişlənməsinə imkan yarada bilər. Dini maarifləndirmə, ekstremizmin qarşısının alınması, gənclərin mənəvi tərbiyəsi, dini irsin qorunması, mədəniyyətlərarası dialoq və humanitar əməkdaşlıq kimi məsələlər bu platformanın potensial istiqamətlərinə çevrilə bilər. Beləliklə, dini liderlər arasında əlaqələr yalnız dini institutlar səviyyəsində deyil, daha geniş humanitar əməkdaşlıq müstəvisində inkişaf edə bilər.

Bakıda keçirilən tədbirin Seyid Yəhya Bakuvi ilə bağlı beynəlxalq konfransla eyni vaxta təsadüf etməsi də xüsusi məna daşıyır. Prezident İlham Əliyev çıxışında Yəhya Bakuvinin Azərbaycan və İslam dünyasının tarixi-mədəni irsindəki rolunu vurğulayıb. Bununla tədbirin gündəliyində həm müasir dövrün dini liderləri arasında əməkdaşlıq, həm də Azərbaycanın çoxəsrlik intellektual və mənəvi irsi bir araya gətirilib.

Bütün bunların fonunda 7-ci toplantıya yalnız dini tədbir prizmasından yanaşmaq düzgün olmazdı. Bu toplantı Azərbaycanın son illərdə həyata keçirdiyi beynəlxalq təşəbbüslərin daha bir nümunəsidir. Burada Türk dünyası, Qafqaz və İslam coğrafiyası arasında əlaqələrin inkişafı üçün yeni imkanlar formalaşır.

Azərbaycanın mövqeyinin özəlliyi də məhz buradadır. Ölkəmiz eyni zamanda Türk dünyasının fəal üzvü, Qafqaz dövlətlərindən biri və İslam dünyasının ayrılmaz hissəsidir. Bu üç istiqamətin kəsişmə nöqtəsində yerləşmək Azərbaycana müxtəlif regional platformalar arasında dialoqun inkişafında əlavə imkanlar yaradır.

Əminə Ağazadə

Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31