Diplomatların Qarabağa səfəri: Ermənistanda fərqli reaksiyalar gündəmdə- ÖZƏL

" Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərindən sonra Ermənistanda bəzi siyasətçilər, ictimai fəallar və media nümayəndələri səfərə və iştirakçılara qarşı sərt mövqe nümayiş etdirdilər. Bu reaksiyalar müharibədən sonrakı reallıqların və bölgədə formalaşmış yeni vəziyyətin Ermənistanın bəzi siyasi və ictimai dairələrində hələ də tam qəbul edilmədiyini göstərir. Belə yanaşmaların sülh prosesinə və aparılan danışıqlara mənfi təsir göstərə biləcəyini də qarşı tərəf anlamalıdır".

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:

"Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Bu torpaqlarda Azərbaycan xalqının zəngin milli-mədəni irsi formalaşıb. İşğal dövründə isə Ermənistan tərəfindən bir sıra mədəni və dini irs nümunələri dağıdılıb, dəyişdirilməyə cəhd göstərilib və müxtəlif vandalizm aktlarına məruz qalıb. Diplomatik korpus nümayəndələrinin Azərbaycan tərəfindən təşkil olunan səfər çərçivəsində Qarabağ və Şərqi Zəngəzura getməsi Azərbaycanın öz ərazisində həyata keçirdiyi diplomatik fəaliyyətin tərkib hissəsidir. Buna görə də həmin səfərlərə və səfərdə iştirak edən diplomatlara qarşı yönələn təzyiq və ittihamlar konstruktiv yanaşma kimi qiymətləndirilə bilməz.
Azərbaycanın azad edilmiş ərazilərində beynəlxalq tədbirlərin keçirilməsi, xarici ölkələrin dövlət və hökumət başçılarının, eləcə də müxtəlif səviyyəli nümayəndə heyətlərinin səfərlərinin təşkili artıq davamlı xarakter alıb. Diplomatik korpusun bu səfəri də həmin prosesin növbəti mərhələsi olub.
Bu çərçivədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin də azad edilmiş ərazilərə səfər etməsi diqqət çəkir. Bu cür səfərlər bölgədəki yeni reallıqların beynəlxalq nümayəndələr tərəfindən yerində müşahidə olunması baxımından əhəmiyyətlidir.
Ermənistanın da bölgədə yaranmış reallıqları nəzərə alması və münasibətlərini sülh, qarşılıqlı hörmət və suverenliyin tanınması prinsipləri əsasında qurması regional sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.
Çünki davamlı sülh və regional sabitlik üçün qarşılıqlı olaraq suverenliyin və ərazi bütövlüyünün tanınması, eləcə də torpaq iddialarından imtina edilməsi əsas şərtlərdəndir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31