TƏBİİ FƏLAKƏTDƏN DİNİ TƏHQİRƏ KEÇMƏK OLMAZ- ÖZƏL
11:20 SiyasətSon illərdə sosial platformalarda özünü "psixoloq", "ekspert" və ya "blogger", "ateist" kimi təqdim edən bəzi insanların fəaliyyəti ciddi suallar doğurur. Xüsusilə dinə, millətlərə, ailə dəyərlərinə və müxtəlif sosial qruplara qarşı təhqiramiz ifadələrin "kontent"ə çevrilməsi artıq sadəcə fikir bildirmək məsələsi deyil.
Psixoloq kimdir?
Psixoloq insanların problemlərini dinləyən, onların düşüncə və emosiyalarını anlamağa çalışan, qarşılaşdıqları çətinliklərin həlli üçün düzgün istiqamət göstərən mütəxəssisdir. Onun işi insanları bir-birinə qarşı qoymaq, cəmiyyətdə aqressiya yaratmaq və hər mövzudan qarşıdurma çıxarmaq olmamalıdır.
Əlbəttə, psixoloq da hər bir insan kimi öz fikrinə sahib ola bilər. Hər hansı dinə inanmaya, dini sorğulaya və müəyyən dini fikirləri tənqid edə bilər. Buna görə heç kəsi qınamaq olmaz.
İnanmamaq bir seçimdir. Sorğulamaq bir seçimdir. Tənqid etmək də müəyyən sərhədlər daxilində bir hüquqdur. Amma təhqir etmək tamam başqa məsələdir.
Bəzən sosial şəbəkələrdə "mən sadəcə həqiqəti deyirəm" adı altında elə ifadələr işlədilir ki, məqsəd həqiqəti izah etməkdən çox, qarşı tərəfi qıcıqlandırmaq olur.
"Budur sizin inancınız, nə oldu?"
"Bəs niyə belə oldu?"
"İnanırsınızsa, bunu da izah edin."
Ardınca insanlar şərhlərə tökülür, biri digərini müdafiə edir, digəri hücum edir, mübahisə böyüyür, təhqirlər artır və nəticədə cəmiyyətdə aqressiya yaranır.
Bəs bunun adı həqiqət axtarışıdır?
Yoxsa sosial şəbəkədə diqqət toplamaq, reytinq qazanmaq və auditoriyanı böyütmək üçün yaradılmış qarşıdurmadır?
FREYDDƏN DANIŞANLARA BİR SUAL
Bu gün özünü psixoloq və ya psixologiya üzrə ekspert kimi təqdim edən və tez-tez Freyddən, psixoanalizdən, şüuraltından və insan davranışının gizli motivlərindən danışan insanlar da çoxdur.
Amma burada maraqlı bir sual yaranır:
Əgər Freyddən bu qədər danışırıqsa, niyə onun insan psixologiyasına dair əsas fikirlərini öz davranışımıza da tətbiq etməyə çalışmırıq?
Sigmund Freud insan davranışının yalnız insanın şüurlu şəkildə söylədiyi fikirlərdən ibarət olmadığını, şüuraltı proseslərin, daxili konfliktlərin və keçmiş təcrübələrin də davranışa təsir göstərə biləcəyini irəli sürürdü.
Bu baxımdan sosial şəbəkələrdə daim qarşıdurma yaradan, insanları qıcıqlandıran və təhqiramiz ifadələrlə diqqət cəlb etməyə çalışan davranış haqqında da sual vermək olar:
İnsan həqiqətən sadəcə öz fikrini ifadə edir, yoxsa bu davranışın arxasında başqa bir ehtiyac dayanır?
Diqqət çəkmək, təsdiqlənmək, üstünlük hissi yaratmaq və auditoriyanın reaksiyasından məmnunluq almaq kimi müxtəlif motivlər insan davranışına təsir göstərə bilər.
Amma burada mühüm bir sərhəd var: konkret insanı görmədən və peşəkar qiymətləndirmə aparmadan onun psixoloji vəziyyətinə diaqnoz qoymaq olmaz. Freydin nəzəriyyəsini də hansısa blogger haqqında "onun problemi budur" demək üçün istifadə etmək düzgün deyil.
Əsas məsələ konkret insanın diaqnozu yox, davranışın cəmiyyətə təsiridir.
Çünki insan psixologiyasını bilmək başqalarının zəif nöqtələrindən istifadə etmək üçün deyil, insanı daha yaxşı anlamaq üçündür.
TƏBİİ FƏLAKƏTDƏN DİNİ TƏHQİRƏ KEÇMƏK OLMAZ
Yaxınlarda Hindistanda baş verən daşqınla bağlı sosial şəbəkələrdə yayılan görüntülər üzərindən də buna bənzər reaksiyalar gördük. Təbii fəlakət nəticəsində insanların suda qalması və həyatlarının təhlükə qarşısında olması üzərindən "budur sizin inancınız" kimi ifadələr işlətmək hansı məntiqə sığır?
Təbii fəlakətlər dünyanın müxtəlif yerlərində baş verir. Daşqın, zəlzələ, yanğın və digər hadisələr hər zaman olub və olacaq. Bu hadisələrin elmi, coğrafi və təbii səbəbləri araşdırıla bilər.
Amma hansısa təbii fəlakəti götürüb müəyyən dinə və ya həmin dinə inanan insanlara qarşı istehza vasitəsinə çevirmək düzgün deyil.
Bəlkə də belə hadisələrdən çıxarmalı olduğumuz əsas dərs bir-birimizi təhqir etmək yox, insan həyatına daha çox hörmət etməkdir.
BİZ MÜXTƏLİF XALQLARIN YAŞADIĞI BİR DÜNYADAYIQ
Biz elə bir dünyada yaşayırıq ki, burada müxtəlif millətlər, dillər, dinlər, mədəniyyətlər və həyat tərzləri mövcuddur.
Əgər dünyada yalnız bir millətin, bir dilin, bir mədəniyyətin və bir düşüncənin olması nəzərdə tutulsaydı, bu qədər müxtəliflik olmazdı.
Biz eyni planetdə yaşayırıq. Eyni şəhərlərdə, eyni küçələrdə, eyni məktəblərdə, eyni universitetlərdə və eyni iş yerlərində bir-birimizlə qarşılaşırıq.
Deməli, fərqliliklərlə birlikdə yaşamağı bacarmalıyıq.
Sənin milliyyətin başqa ola bilər, mənimki başqa.
Sənin dinin başqa ola bilər, mənimki başqa.
Sənin ailə haqqında düşüncələrin fərqli ola bilər, mənimki fərqli.
Amma bütün bunlar ayrı-seçkiliyə, alçaltmağa və təhqirə çevrilməməlidir.
Bir millət haqqında "bunların beyni işləmir" demək, başqa xalqın mədəniyyətini məsxərəyə qoymaq, insanların ailə dəyərlərini aşağılamq, dini inancları təhqir etmək fikir azadlığı adı altında normal qəbul edilə bilməz.
Tənqid başqa şeydir, kollektiv təhqir başqa.
Bir siyasəti tənqid edə bilərsən.
Bir ideyanı tənqid edə bilərsən.
Bir davranışın yanlış olduğunu deyə bilərsən.
Amma bütöv bir xalqı, dini və ya sosial qrupu alçaltmaqla sağlam ictimai fikir formalaşdırmaq mümkün deyil.
HƏR MÖVZUDAN QARŞIDURMA YARATMAQ CƏMİYYƏTİ İRƏLİ APARMIR
Bu gün sosial şəbəkələrdə bir mövzunun adı çəkilir və dərhal iki tərəf yaranır.
Məsələn, "feminizm" deyilir - biri müdafiəyə keçir, digəri hücuma. Biri deyir qadın heç nə bacarmır, digəri bütün kişiləri günahlandırır. Sonra normal müzakirə qadın və kişi qarşıdurmasına çevrilir.
Halbuki qadın hüquqları, ailə münasibətləri, təhsil, əmək, məsuliyyət və qarşılıqlı hörmət kimi məsələləri sakit və sağlam şəkildə müzakirə etmək mümkündür.
Eyni şey başqa mövzularda da baş verir.
Biri gedib keçmişdən, başqa cəmiyyətdən və başqa mədəniyyətdən bizə aid olmayan hansısa hadisəni götürür, bu günün cəmiyyətinə gətirir və bunun üzərindən yeni qarşıdurma yaradır.
Beləliklə, hər gün yeni bir "düşmən" tapılır:
Bir gün din.
Bir gün millət.
Bir gün qadınlar.
Bir gün kişilər.
Bir gün ailə.
Bir gün başqa mədəniyyət.
Bu üsulla cəmiyyət irəli getmir.
Çünki insanlara düşünməyi yox, bir-birinə cavab qaytarmağı öyrədir.
DİNƏ İNANMAYA BİLƏRSƏN, AMMA TƏHQİR ETMƏ
Dini qəbul etməyə bilərsən. Dini sorğulaya bilərsən. Müəyyən dini yanaşmalarla razılaşmaya bilərsən.
Amma təhqir etməyə ehtiyac yoxdur.
İslamın öz daxilində də peyğəmbərlərin vəzifəsinin insanlara haqqı xatırlatmaq və çatdırmaq olduğu vurğulanır. İnsanların inanıb-inanmaması isə onların öz seçimidir.
Deməli, inanc məsələsində də zorla qəbul etdirmək və ya təhqir etmək yox, izah və xatırlatma anlayışı əsas götürülə bilər.
Ümumiyyətlə, dinin insan həyatına gətirdiyi əsas dəyərlərdən biri mənəvi dayaq, mərhəmət, ədalət, məsuliyyət və düzgün davranışdır.
Elə isə dini müzakirə edərkən niyə hər dəfə insanları bir-birinə düşmən etməliyik?
PSİXOLOQ VƏ BLOGGERİN MƏSULİYYƏTİ
Özünü psixoloq, ekspert və ya ictimaiyyət qarşısında fikir bildirən blogger kimi təqdim edən insanın məsuliyyəti daha böyükdür.
Çünki minlərlə insan onun dediklərini izləyir.
Əgər sən psixologiyadan danışırsansa, insanlara ilk növbədə aqressiyanı idarə etməyi, fərqli düşüncəyə hörmət etməyi, qarşı tərəfi dinləməyi və emosional manipulyasiyaya uymamağı öyrətməlisən.
İnsanları qızışdırmaq çox asandır.
Bir cümlə yazırsan, minlərlə insan mübahisəyə qoşulur.
Amma insanlara düşünməyi, dinləməyi və fərqli insanlarla sağlam münasibət qurmağı öyrətmək daha çətindir.
Ona görə hər kəs özünə bir sual verməlidir:
Mən həqiqətən həqiqəti izah edirəm, yoxsa insanların əsəbləri, inancları və dəyərləri üzərindən özümə auditoriya yaradıram?
Azad fikir var.
Tənqid hüququ var.
Amma başqasının şərəf və ləyaqətini alçaltmaq, dini və milli ayrı-seçkiliyi qızışdırmaq, insanları bir-birinə qarşı qoymaq başqa məsələdir.
Belə hallarda aidiyyəti dövlət qurumlarının da qanunvericilik çərçivəsində münasibət bildirməsi və zəruri tədbirlər görməsi vacibdir. Çünki sosial platformalar heç kimə başqasını təhqir etmək və cəmiyyətdə düşmənçilik yaratmaq üçün limitsiz imkan verməməlidir.
Heç kim "mən bloggerəm, nə istəyirəmsə deyərəm" düşüncəsi ilə başqasını təhqir etməyi normal qəbul etməməlidir.
Dini təhqir etmə.
Milləti təhqir etmə.
Ailəni təhqir etmə.
İnsanı təhqir etmə.
Fərqli düşünən insanı düşmən elan etmə.
İnanmırsansa, inanma.
Sorğulayırsansa, sorğula.
Tənqid edirsənsə, tənqid et.
Amma bunu insanları alçaltmadan və cəmiyyəti aqressiyaya sürükləmədən et.
Çünki biz ayrı-ayrı adalarda yaşamırıq.
Biz bir dünyada yaşayırıq.
Bu dünyanın ən böyük reallıqlarından biri də budur: burada fərqli insanlar var və biz bu fərqliliklərlə birlikdə yaşamağı öyrənməliyik.
Cəmiyyətə hər gün yeni düşmən göstərmək asandır.
Çətin olan isə fərqli insanları bir-birinə hörmət etməyə çağırmaqdır.
Bu gün bizə daha çox səs-küy yox, daha çox düşüncə; daha çox təhqir yox, daha çox anlayış; daha çox qarşıdurma yox, daha çox hörmət lazımdır.
Ceyhun Məmmədov
Milli Məclisin deputatı