Avrasiyanın orta xəttində Azərbaycan güclü piramidada lap başdadır- ÖZƏL

"ABŞ və İran, Trampın bəyanatları ilə bağlı onlarla suallar verilir. Amma gəlin gündəlik bəyanatları şərh etməyək. Məsələnin kökü var. Bu nə Venesuella, nə də Vyetnam hadisələridir. Söhbət dindən, fəlsəfədən və ideologiyadan gedir. İran Britaniyadır, elə ABŞ - dır. Yoxsa İranı çoxdan məhv edərdilər". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: " Tehran üçün əsas məsələ Yaxın Şərqdə formalaşacaq yeni geosiyasi düzəndə öz yerini qorumaqdır. İran anlayır ki, hərbi əməliyyatların dayandırılması, sülh müqaviləsi  onun strateji maraqlarını tam təmin etmir. Tehranın məqsədi təkcə Vaşinqtonla münasibətləri normallaşdırmaq deyil. İran regionun siyasi, hərbi, iqtisadi və ideoloji xəritəsinin yenidən formalaşdığı bir dövrdə özünü Yaxın Şərqin əsas güc mərkəzlərindən biri kimi təsdiqləməyə çalışır. Bu səbəbdən ABŞ ilə əldə ediləcək hər hansı razılaşma İranın regional nüfuzunu zəiflətməməli, əksinə, onu legitim regional aktor kimi tanımalıdır.

İran üçün strateji əhəmiyyət daşıyan əsas məsələlər bunlardır:
-ABŞ sanksiyalarının ləğv edilməsi;
-Dondurulmuş aktivlərin geri qaytarılması;
-Hörmüz boğazı üzərində təsir imkanlarının saxlanılması;
-Nüvə proqramı ilə bağlı təhlükəsizlik təminatlarının əldə olunması;
-Regionda ABŞ və İsrailin təsirinin məhdudlaşdırılması;
-İranın Yaxın Şərqin yeni təhlükəsizlik arxitekturasında əsas aktorlardan biri kimi qəbul edilməsi. İran rəsmiləri son bəyanatlarında da məhz bu tələbləri ön plana çıxarıblar. 
Tehran yaxşı başa düşür ki, müvəqqəti atəşkəs uzunmüddətli sabitlik demək deyil. Son hadisələr də göstərir ki, İran danışıqları yalnız nüvə proqramı çərçivəsində deyil, daha geniş regional kontekstdə qiymətləndirir. Hörmüz boğazının açılması, sanksiyaların ləğvi, regional təhlükəsizlik və Yəmən, Livan, İraq kimi istiqamətlərdəki proseslər vahid siyasi paket kimi nəzərdən keçirilir. Məhz buna görə də ABŞ və İran arasında aparılan danışıqlar təkcə ikitərəfli münasibətlərin deyil, bütövlükdə Yaxın Şərqin gələcəyinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 
Başqa sözlə, İranın strateji hədəfi sadəcə sülhə nail olmaq deyil. Tehran yeni Yaxın Şərqdə özünü regional nizamın obyekti deyil, onu formalaşdıran əsas subyektlərdən biri kimi görmək istəyir. Bu isə İranın ABŞ ilə münasibətlərində müvəqqəti razılaşmalardan daha çox, uzunmüddətli geosiyasi təminatlar axtardığını göstərir. 

Uzun sözün qısası, masada Britaniya var.  Britaniya sonrakı səhifələri Trampdan sonrakı dövrdə cızacaq. Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq yeni eraya daxil olurlar. Bu arada, Iranın Qafqaz siyasəti onların gözlədikləri kimi olmadı. Avrasiyanın orta xəttində güclü Azərbaycan yaxın 20 ilin bucağında, piramidada lap başdadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31