Azadetmənin uzadılması mühüm siyasi siqnaldır- ÖZƏL
14:21 Siyasət"ABŞ Dövlət Departamentinin "Azadlığa Dəstək Aktı"nın 907-ci düzəlişində Azərbaycanla bağlı nəzərdə tutulan məhdudiyyətlərin tətbiqindən azadetmə müddətinin uzadılması barədə Konqresə bildiriş göndərməsi ilk baxışda Vaşinqtonun daxili hüquqi prosedurunun növbəti mərhələsi kimi görünə bilər. Lakin məsələyə Azərbaycan-ABŞ münasibətlərinin hazırkı vəziyyəti, Cənubi Qafqazda son illərdə yaranmış yeni siyasi reallıq və böyük güclərin region uğrunda rəqabəti fonunda baxdıqda, bu addımın daha geniş siyasi məna daşıdığı görünür". Olaylar xəbər verir ki, bunu VHP sədrinin müavini Samir Əsədli deyib: "Dövlət Departamentinin son addımının əsas siyasi mesajı aydındır: Vaşinqton Bakı ilə münasibətlərdə məhdudlaşdırıcı mexanizmləri deyil, əməkdaşlıq imkanlarını qorumağa üstünlük verir.
Azərbaycan üçün məsələnin əhəmiyyəti ABŞ-dan alınacaq yardımın həcmindən daha böyükdür. 907-ci düzəliş Bakıda uzun illər ərzində Azərbaycana münasibətdə siyasi ədalətsizliyin simvollarından biri kimi qəbul edilib. Azərbaycan tərəfinin mövqeyinə görə, münaqişənin ağır nəticələri ilə üzləşən bir dövlətə qarşı belə məhdudiyyətin tətbiqi obyektiv yanaşmanı əks etdirməyib. Buna görə də 907-ci düzəliş məsələsi Bakı üçün sadəcə maliyyə və ya hərbi yardım məsələsi deyil, eyni zamanda ABŞ-ın Azərbaycana siyasi münasibətinin göstəricilərindən biri kimi qəbul edilib. Azadetmənin uzadılması bu baxımdan mühüm siyasi siqnaldır. Bu qərar göstərir ki, ABŞ administrasiyası Azərbaycanı məhdudlaşdırılmalı və təcrid edilməli dövlət kimi deyil, əməkdaşlıq edilməli regional tərəfdaş kimi nəzərdən keçirir.
ABŞ administrasiyası Azərbaycanla əməkdaşlığa ehtiyac duyur, lakin düzəlişin özünün tamamilə aradan qaldırılması Konqres səviyyəsində ayrıca siyasi qərar tələb edir. Bu məqam xüsusilə vacibdir: azadetmənin uzadılması 907-ci düzəlişin ləğv edilməsi demək deyil. Hazırkı mexanizm məhdudiyyətin tətbiq edilməməsinə imkan verir, amma düzəliş hüquqi baxımdan qüvvədə qalır. Bu isə gələcəkdə ABŞ-da administrasiya dəyişdikdə və ya regional siyasi şərait fərqli istiqamətdə inkişaf etdikdə məsələnin yenidən gündəmə gətirilməsi imkanını saxlayır.
Buna görə Azərbaycan üçün strateji məqsəd yalnız azadetmə müddətinin növbəti dəfə uzadılması ilə məhdudlaşa bilməz. Daha fundamental məsələ 907-ci düzəlişin tamamilə ləğv edilməsidir. 907-ci düzəlişin ləğvi sadəcə hüquqi qərar olmayacaq. Bu, Azərbaycan-ABŞ münasibətlərinin 1990-cı illərin münaqişə və qarşılıqlı şübhələr dövründən çıxaraq yeni geosiyasi reallıqlara əsaslanan əməkdaşlıq mərhələsinə keçməsinin simvolik göstəricilərindən biri olacaq. Hazırda Dövlət Departamentinin Konqresə göndərdiyi bildirişin ən mühüm mənası da məhz burada axtarılmalıdır: Vaşinqton üçün Azərbaycanla münasibətlərdə keçmişdən qalan məhdudiyyətləri qorumaqdan daha çox, gələcək əməkdaşlıq imkanlarını açıq saxlamaq ön plana çıxır"