İranın Xəzər siyasətində yeni mərhələ: Transxəzər layihəsinə yol açılır?- ÖZƏL
13:22 Siyasət2018-ci ildə imzalanan və "Xəzərin konstitusiyası" adlandırılan Xəzərin hüquqi statusu haqqında Konvensiyanın tam qüvvəyə minməsi yenidən gündəmdədir. Sənədi hələ ratifikasiya etməyən yeganə ölkə İrandır və Tehranın bu prosesi yaxın zamanda başa çatdıra biləcəyi bildirilir.
Konvensiyanın qüvvəyə minməsi Xəzərdə hüquqi qeyri-müəyyənliyi azalda, enerji və nəqliyyat layihələrinə, o cümlədən Transxəzər qaz layihəsinə yeni imkanlar aça bilər. Sənəd həmçinin Xəzərin sahilyanı beş dövlətin təhlükəsizlik məkanı olaraq qalmasını təmin edir. Bu isə Azərbaycan, Rusiya və İran üçün mühüm geosiyasi əhəmiyyət daşıyır.
İranın 8 ildən sonra Xəzərin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya etməyə yaxınlaşması hansı siyasi və geosiyasi səbəblərlə bağlıdır?
Konvensiyanın tam qüvvəyə minməsi Azərbaycan üçün enerji, nəqliyyat və xüsusilə Transxəzər layihəsi baxımından hansı yeni imkanlar yarada bilər?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:
" Xəzərin statusu məsələsi illərdir gündəmdə olan və həlli gözlənilən məsələlərdəndir. Sizin də qeyd etdiyiniz kimi, İran xaric, digər Xəzəryanı ölkələr ortaq fikrə gələ biliblər. İranla bağlı vəziyyət son dönəmlərdə dəyişib. Çünki İranla ABŞ arasındakı gərginlik fonunda Azərbaycanın xüsusilə yardım etməsi, o cümlədən Xəzərin də zərbələrə məruz qalması İranı da bu konvensiyaya qoşulmağa məcbur edir.
Xəzərin status məsələsinin həllini tapacağını düşünürəm. Xəzər hərbiləşmiş bir su hövzəsi olacağı üçün burada İran da maraqlı olacaqdır.
Digər tərəfdən, Xəzərin təbii ehtiyatlarının bölüşdürülməsi məsələsində də düşünürəm ki, ölkələrin ortaq qərara gəlməsi mümkündür. "Bir kəmər, bir yol" layihəsi kontekstində Xəzər dənizinin əhəmiyyətinin artması, artıq Çindən Avropaya yükdaşıma sisteminin Xəzər üzərindən Azərbaycan və İrana da keçəcəyi Tehranın bu məsələdə maraqlı olmasına səbəb olur.
Ən önəmli faktor ABŞ-la gərginlikdir. Və bu gərginlik fonunda Azərbaycanın sərgilədiyi mövqe Tehranın məsələdəki mövqeyini müəyyən mənada yumşaldır.
Transxəzər layihəsi prinsip etibarilə Azərbaycanın Zəngəzur dəhlizi layihəsindən çox daha böyük layihədir. Rəsmi Bakı Çinlə strateji tərəfdaşlıq müqaviləsini imzalayarkən, əslində, buradakı əsas məntiq və motivasiya Transxəzər layihəsi idi. Çünki bu layihənin reallaşmasında ən böyük maneə Rusiyadır. Amma Çin bu layihədə maraqlı olarsa və dəstək verərsə, düşünürəm ki, Rusiya faktorunu kənarlaşdıracaqdır. Bu da Çin mallarının Xəzər və Azərbaycan vasitəsilə Avropa bazarına çıxarılmasını reallaşdıracaq".
Zeynəb Mustafazadə