Naxçıvan Azərbaycanın enerji və sənaye mərkəzlərindən birinə çevrilir- ÖZƏL
13:21 Siyasət"Prezident İlham Əliyev 2026-cı il avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə muxtar respublikanın strateji əhəmiyyəti, inkişaf perspektivləri və təhlükəsizlik məsələləri barədə mühüm fikirlər səsləndirmişdir. Dövlət başçısı bu səfərin onun Prezident kimi Naxçıvana 17-ci səfəri olduğunu vurğulamışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov deyib: "Müsahibədə Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı və müdafiə potensialının gücləndirilməsi xüsusi qeyd edilmiş, hərbi imkanların bundan sonra da artırılacağı bildirilmişdir. Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlqoymasını mühüm hadisə kimi qiymətləndirmiş və ərazi baxımından bu parkın Sumqayıt Sənaye Parkından sonra ikinci ən böyük sənaye parkı olacağını qeyd etmişdir. Dövlət başçısı Naxçıvanın elektrik enerjisi və qazla 100 faiz təmin olunduğunu bildirmiş, Günəş enerjisi istehsalı üçün Azərbaycanın ən əlverişli məkanının Naxçıvan olduğunu vurğulamışdır. Bu məqsədlə artıq 600 hektardan çox ərazi ayrılmış və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının tikintisi planlaşdırılmışdır.
Prezident İlham Əliyev Naxçıvanın Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyev kimi dahi şəxsiyyət bəxş etdiyini xüsusi qeyd etmişdir. Zəngəzur dəhlizi ilə bağlı dövlət başçısı bildirmişdir ki, Horadiz-Ağbənd avtomobil yolu demək olar ki, hazırdır, dəmir yolunun tikintisi isə sürətlə davam edir. Dəhliz açıldıqdan sonra Azərbaycandan İrana ikinci dəmir yolu xətti fəaliyyət göstərəcək və bu, regionun nəqliyyat imkanlarını daha da genişləndirəcəkdir. Müsahibə Naxçıvanın sənaye, enerji, nəqliyyat və müdafiə sahələrində inkişafının Azərbaycan dövlətinin strateji prioritetlərindən biri olduğunu bir daha nümayiş etdirmişdir".