Bakıdan Naxçıvana və dünyaya: Zəngəzur dəhlizi regiona nə vəd edir? – ÖZƏL

"Azərbaycan Prezidenti Naxçıvanda olarkən bir sıra mühüm məsələlərə toxundu. Onlardan ən vaciblərindən biri Zəngəzur dəhlizinin yaradılması idi. Prezident vurğuladı ki, bu layihə Azərbaycanın təşəbbüsü ilə irəli sürülüb və ölkənin əsas hissəsini onun ayrılmaz parçası olan Naxçıvanla birləşdirmək Azərbaycanın çoxdankı arzusu olub".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsindən və Ermənistanın kapitulyasiya bəyanatına imza atmasından sonra Prezident açıq şəkildə bildirdi ki, Ermənistan bu layihənin həyata keçirilməsini istəmirdi. Lakin məğlub tərəf kimi Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəanın yer almasına razılıq verməyə məcbur oldu. Prezidentin də qeyd etdiyi kimi, ilk praktik addım həmin sənədlə atıldı. Təəssüf ki, sonrakı dövrdə bu bənd uzun müddət icra olunmadı. Ermənistan prosesi uzatmağa çalışdı. Prezidentin sözlərinə görə, Rusiya ya bu öhdəliyin yerinə yetirilməsini təmin edə bilmədi, ya da müxtəlif səbəblərdən bu məsələ həllini tapmadı. Nəticədə Zəngəzur dəhlizinin açılması məsələsi 2025-ci il avqustun 8-də ABŞ-də keçirilən Azərbaycan-ABŞ-Ermənistan üçtərəfli görüşündə yenidən təsdiqləndi. Beləliklə, dəhlizin açılması və fəaliyyət göstərməsi ABŞ-nin iştirakı ilə bir daha gündəmə gətirildi.

Ekspertin sözlərinə görə, burada diqqət çəkən məqamlardan biri də layihənin bəzi hallarda "Tramp layihəsi" kimi təqdim edilməsidir. Bunun səbəbi daha çox Ermənistanın daxili siyasi vəziyyəti ilə bağlıdır. Nikol Paşinyan və onun komandası bu layihəni Ermənistan cəmiyyətinə öz təşəbbüsləri kimi təqdim etməyə çalışır. Əgər Zəngəzur dəhlizi açıq şəkildə Azərbaycanın təşəbbüsü və 2020-ci il bəyanatının nəticəsi kimi təqdim olunsaydı, bu, Ermənistan cəmiyyətində Paşinyanın siyasi mövqelərinə ciddi zərbə vura bilərdi. Xüsusilə seçkilər ərəfəsində bu amil onun reytinqinə mənfi təsir göstərə bilərdi. Məhz buna görə də Ermənistan tərəfi layihəni fərqli ad altında təqdim etməyə çalışır. Bu, bir tərəfdən Zəngəzur dəhlizi ifadəsindən yayınmaq, digər tərəfdən isə Ermənistan-ABŞ münasibətlərinin inkişafını nümayiş etdirmək məqsədi daşıyır. Halbuki ABŞ və Ermənistan arasında yaxın münasibətlər əvvəlki illərdə də mövcud olub və hətta tərəflər strateji əməkdaşlıq sənədləri imzalayıblar. 

Ş. Ağayev qeyd edib ki, Zəngəzur dəhlizinin regionun siyasi və iqtisadi proseslərinə təsiri isə olduqca böyükdür. İlk növbədə, bu layihənin iqtisadi əhəmiyyəti xüsusi vurğulanmalıdır. Prezident də qeyd etmişdi ki, Azərbaycan 44 günlük müharibədən dərhal sonra Zəngəzur dəhlizinə aparan avtomobil və dəmir yollarının tikintisinə başlayıb. Bu işlər artıq böyük ölçüdə tamamlanmaq üzrədir. Naxçıvan istiqamətində də analoji layihələr həyata keçirilir. Bu dəhliz Asiya ilə Avropanı, həmçinin Rusiya ilə İranı və Fars körfəzi regionunu birləşdirən mühüm nəqliyyat xəttinə çevrilə bilər. Layihə Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, yükdaşıma potensialını artıracaq və ölkəyə əlavə iqtisadi gəlirlər qazandıracaq. Bununla yanaşı, Azərbaycanın geoiqtisadi əhəmiyyəti daha da yüksələcək. Naxçıvan üçün də bu layihənin xüsusi əhəmiyyəti var. Dəhlizin açılması yalnız Azərbaycanla Naxçıvan arasında quru əlaqəsinin bərpası demək deyil. Eyni zamanda Naxçıvanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün yeni imkanlar yaradır. Beləliklə, Naxçıvanın həm qərbə, həm şərqə, həm də cənuba çıxışı təmin olunmuş olacaq. Prezidentin qeyd etdiyi kimi, gələcəkdə Azərbaycandan Naxçıvana, oradan isə Culfa vasitəsilə İrana dəmir yolu əlaqələrinin genişləndirilməsi nəzərdə tutulur. Bu marşrut Şimal-Cənub nəqliyyat dəhlizi ilə də inteqrasiya olunaraq Fars körfəzinə, hətta Pakistan istiqamətinə qədər uzanan nəqliyyat şəbəkəsinin mühüm hissəsinə çevrilə bilər. İqtisadi gücün artması isə dövlətin siyasi və geosiyasi çəkisinin də yüksəlməsi deməkdir. Məhz buna görə Zəngəzur dəhlizi Azərbaycan üçün yalnız nəqliyyat layihəsi deyil, həm də strateji əhəmiyyət daşıyan geosiyasi layihədir. Bu gün dünyada enerji təhlükəsizliyi və nəqliyyat marşrutlarının şaxələndirilməsi məsələləri xüsusi aktuallıq kəsb edir. Hörmüz boğazı ətrafında yaranan gərginliklər və beynəlxalq ticarət yolları ilə bağlı risklər fonunda alternativ marşrutların əhəmiyyəti daha da artır. Heç kim təminat verə bilməz ki, gələcəkdə bölgədə yeni böhranlar baş verməyəcək. Məhz buna görə də Zəngəzur dəhlizi kimi təhlükəsiz və sabit nəqliyyat marşrutlarının yaradılması dünya iqtisadiyyatı üçün də mühüm əhəmiyyət daşıyır. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, ölkənin tranzit imkanlarını genişləndirəcək, iqtisadi gücünü artıracaq, regionun nəqliyyat xəritəsini dəyişdirəcək və Azərbaycanın beynəlxalq siyasi nüfuzunun daha da yüksəlməsinə töhfə verəcək.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31