Naxçıvanın turizm potensialı olduqca genişdir- ÖZƏL

"Naxçıvanın turizm potensialının inkişafı da yeni iqtisadi imkanlardan biridir. Zəngin tarixi abidələr, əlverişli təbiət, təmiz hava və mənzərəli məkanlar regionu turizm üçün cəlbedici edir. Lakin turizmin inkişafı üçün infrastrukturun keyfiyyəti həlledici amildir. Beşulduzlu yeni hotel kompleksinin tikintisinə başlanılması bu baxımdan müsbət addımdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib: "Turizm infrastrukturunun genişləndirilməsi həm yerli, həm də xarici turistlərin regiona marağını artıra bilər. Bütün bu istiqamətləri birləşdirən əsas xətt isə Naxçıvanın Azərbaycanın digər strateji inkişaf məkanları ilə vahid konsepsiya əsasında inkişaf etdirilməsidir. Prezidentin Naxçıvanı Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf məkanı kimi nəzərdən keçirməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından sonra formalaşan yeni regional inkişaf fəlsəfəsinin mühüm göstəricisidir. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə modelinin Naxçıvanda da tətbiq olunması struktur islahatlarının məntiqi davamıdır. Prezidentin xüsusi nümayəndəliyi institutunun tətbiqi idarəetmənin çevikliyini, koordinasiyanı və layihələrin icrasına nəzarəti gücləndirmək məqsədi daşıyır. Burada əsas prinsip Naxçıvanın muxtar respublika statusunun qorunması ilə müasir idarəetmə mexanizmlərinin tətbiqinin uzlaşdırılmasıdır. Bu model dövlət idarəçiliyində yeni mərhələnin formalaşmasını nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda əldə olunan təcrübənin Naxçıvana uyğunlaşdırılması dövlət resurslarının daha səmərəli idarə olunmasına, layihələrin icra müddətlərinin qısaldılmasına və nəticəyönümlü idarəetmənin gücləndirilməsinə imkan yarada bilər. Cənab Prezidentin müsahibəsində səsləndirdiyi fikirlərdən çıxan ümumi nəticə ondan ibarətdir ki, Naxçıvan üçün artıq yalnız "inkişaf proqramı" deyil, daha genişmiqyaslı strateji transformasiya mərhələsi başlayır. 

Təhlükəsizliyi təmin edilmiş, enerji baxımından dayanıqlı, sənaye potensialı genişlənən, nəqliyyat bağlantıları güclənən, yaşıl enerji istehsal edən və beynəlxalq dəhlizlərə inteqrasiya olunan Naxçıvan Azərbaycanın regional iqtisadi gücünün yeni dayaqlarından birinə çevrilə bilər. Bu mənada 11 avqust 2026-cı il səfəri Naxçıvanın inkişaf tarixində növbəti mühüm mərhələnin siyasi konturlarını müəyyənləşdirdi. Prezident cənab İlham Əliyevin müsahibəsində səsləndirilən mesajlar göstərir ki, qarşıdakı dövrdə əsas hədəf görülmüş işləri sadəcə davam etdirmək deyil, Naxçıvanın potensialını daha geniş regional və beynəlxalq iqtisadi sistemə inteqrasiya etməkdir. Naxçıvanın qarşısında dayanan perspektivlər artıq yalnız muxtar respublikanın daxili inkişafı ilə məhdudlaşmır. Bu qədim diyar Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətlərinin kəsişdiyi, enerji axınlarının yeni istiqamətlərinin formalaşdığı, sənaye və logistika imkanlarının genişləndiyi regional mərkəzə çevrilmək imkanına malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31