Zəngəzur dəhlizinin reallaşması bölgənin iqtisadi inkanlarını artıracaq- ÖZƏL

"Prezident İlham Əliyevin Naxçıvan səfəri zamanı verdiyi mesajlar və səfər çərçivəsində həyata keçirilən layihələr bu qədim diyarın gələcək inkişafının kompleks və çoxşaxəli xarakter daşıdığını göstərir. Sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat, turizm, sosial infrastruktur, məşğulluq və təhlükəsizlik bir-birini tamamlayan vahid inkişaf strategiyasının əsas istiqamətləridir. Naxçıvanın inkişafı Azərbaycanın ümumi inkişaf modelinin ayrılmaz hissəsi kimi həyata keçirilir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib: "Xüsusilə Zəngəzur dəhlizinin reallaşması Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə nəqliyyat əlaqələrinin yeni mərhələyə keçməsinə və bölgənin regional iqtisadi imkanlarının genişlənməsinə şərait yaradacaq. Naxçıvanın inkişafına dövlət dəstəyinin davamlı xarakter daşıması səfərdən sonra atılan praktiki addımlarda da özünü göstərib. 12 avqust 2026-cı ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat vəsaitin ayrılması barədə Sərəncamın imzalanması regionun qarşıdakı inkişaf mərhələsinə dövlət tərəfindən verilən yüksək önəmin daha bir göstəricisidir. Beləliklə, Naxçıvan üçün yeni inkişaf mərhələsi başlayır. Bu mərhələ bölgənin sənaye, enerji, nəqliyyat, turizm və sosial potensialının daha səmərəli reallaşdırılması, müasir şəhərsalma və infrastrukturun formalaşdırılması, müdafiə imkanlarının gücləndirilməsi və tarixi-mədəni irsin qorunması ilə səciyyələnir. Dövlət siyasətinin başlıca məqsədi Naxçıvanın hərtərəfli inkişafını təmin etməklə yanaşı, burada yaşayan insanların layiqli həyat şəraitinin daha da yaxşılaşdırılmasıdır. Prezident İlham Əliyevin səfər zamanı ifadə etdiyi kimi, əsas hədəf bu qədim diyarın daim inkişaf etməsi, insanların burada rahat, təhlükəsiz və firavan yaşamalarının təmin olunmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31