Zəngəzur dəhlizi: Azərbaycanın regional logistika gücünə çevrilən layihə- ÖZƏL

"Azərbaycan Prezidentinin Zəngəzur dəhlizinin 2020-ci il üçtərəfli bəyanatına daxil edilməsi ilə bağlı Ermənistanın razılaşmadığını xüsusi vurğulaması təsadüfi deyil. Çünki bu məsələ artıq yalnız nəqliyyat xəttinin açılması deyil, Cənubi Qafqazın gələcək geosiyasi və iqtisadi arxitekturasının formalaşması məsələsidir. 2025-ci il Vaşinqton razılaşmalarında TRIPP adı ilə rəsmiləşən layihə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən bağlantının yaradılmasını nəzərdə tutur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib:

" TRIPP-nin Ermənistan tərəfindən ABŞ-Ermənistan ikitərəfli layihəsi kimi təqdim olunmasına cəhdin arxasında isə siyasi məntiq dayanır. Yerevan bununla bir tərəfdən layihənin Ermənistanın suverenliyi çərçivəsində həyata keçirildiyini önə çəkmək, digər tərəfdən isə Azərbaycanın illərdir gündəmdə saxladığı "Zəngəzur dəhlizi" anlayışının siyasi çəkisini azaltmaq istəyir. Ermənistan rəsmiləri də hazırda "dəhliz" anlayışının ərazi üzərində xüsusi status yaratmadığını və marşrutun Ermənistanın suverenliyi altında qalacağını vurğulayırlar.
Lakin burada mühüm məqam var: layihənin adı dəyişsə də, onun regional əhəmiyyətini müəyyən edən əsas coğrafi reallıq dəyişmir. Söhbət Azərbaycanı Naxçıvanla birləşdirəcək və Cənubi Qafqazı Türkiyə, Avropa və Mərkəzi Asiya istiqamətləri ilə daha sıx bağlayacaq marşrutdan gedir. Bu təşəbbüsün siyasi gündəmə gəlməsində və illər ərzində ardıcıl şəkildə irəli sürülməsində Azərbaycanın rolunu kənara qoymaq mümkün deyil.
Dəhlizin reallaşması Azərbaycanın tranzit və logistika imkanlarını əhəmiyyətli dərəcədə genişləndirə bilər. Bakı yalnız enerji və nəqliyyat layihələrinin deyil, Şərq-Qərb bağlantısının əsas qovşaqlarından birinin sahibi kimi mövqeyini daha da gücləndirə bilər. Naxçıvanın isə bu prosesdə periferik ərazi deyil, Türkiyə və daha geniş Türk dünyası ilə bağlantının mühüm halqasına çevrilməsi gözlənilir.
Ən vacibi isə odur ki, bu marşrut Azərbaycan-Ermənistan münasibətlərində qarşıdurma predmetindən əməkdaşlıq platformasına çevrilə bilər. Ermənistan tranzit ölkə kimi iqtisadi gəlir, yeni infrastruktur və regional bağlantılar əldə edə bilər. Azərbaycan isə öz ərazisindən Naxçıvana maneəsiz və dayanıqlı quru bağlantı imkanı qazanır.
Deməli, TRIPP-nin hansı adla təqdim edilməsindən daha vacib olan onun real nəticəsidir. Azərbaycanın illərdir irəli sürdüyü bağlantı ideyası reallaşdıqda, bu, Bakının Cənubi Qafqazda yalnız siyasi deyil, həm də iqtisadi və logistika baxımından əsas regional aktorlardan biri olduğunu daha aydın nümayiş etdirəcək".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31