Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi sistemli xarakter daşıyır- ÖZƏL

"Müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas elementlərindən birinə çevrilib. Müxtəlif regionlarda müharibələr, enerji daşıyıcılarının nəqli ilə bağlı risklər və təchizat zəncirlərinin pozulması enerji məsələsinin strateji əhəmiyyətini daha da artırır. Azərbaycan bu baxımdan öz enerji potensialı ilə regionda fərqlənən ölkələrdən biridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Bədəl Bədəlov deyib: "Naxçıvanın enerji təhlükəsizliyinin təmin edilməsi də uzunmüddətli və sistemli xarakter daşıyır. Naxçıvanın qaz təminatının həyata keçirilməsi, müxtəlif elektrik stansiyalarının yaradılması bu strategiyanın mühüm elementləridir. Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı qeyd etdiyi kimi, artıq neçə ildir ki, - təqribən deyə bilərəm, bəlkə 15 il, bəlkə ondan da çox, - Naxçıvanda qazlaşma 100 faizdir: "Azərbaycanda ümumilikdə qazlaşmanın səviyyəsi 96 faizdir, bu da çox böyük rəqəmdir. Ancaq Naxçıvanda bu, artıq 100 faizdir. Yəni bu da enerji təhlükəsizliyinə yönəlmiş bir addım idi".

Prezident İlham Əliyevin müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı məsələyə də toxunub. Azərbaycan üçün Naxçıvanla ölkənin əsas hissəsi arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılması uzunmüddətli strateji məqsəddir. 2020-ci il Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni geosiyasi və nəqliyyat reallıqları bu məqsədin həyata keçirilməsi üçün mühüm imkanlar yaradıb. Azərbaycan bu istiqamətdə öz ərazisində bütün zəruri infrastrukturu ardıcıl şəkildə qurur. Horadiz-Ağbənd avtomobil yolunun demək olar ki, hazır vəziyyətə gətirilməsi, dəmir yolunun tikintisinin sürətlə aparılması və Naxçıvan istiqamətində mövcud dəmir yolu infrastrukturunun yenilənməsi Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində görülən işlərin miqyasını nümayiş etdirir. Azərbaycan öz ərazisində dəhlizin fəaliyyət göstərməsi üçün zəruri infrastrukturu hazırlamaqla yanaşı, Naxçıvanın dəmir yolu imkanlarının da bərpasına başlayıb. Naxçıvan istiqamətində dəmir yolunun yenidən qurulması layihənin mühüm hissəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31