Naxçıvan yeni layihələrlə investisiya və tranzit imkanlarını genişləndirir- ÖZƏL

" Naxçıvanda həyata keçirilən yeni layihələr ilk növbədə bölgənin iqtisadi fəallığının artmasına şərait yaradacaq. İnfrastrukturun, energetika, nəqliyyat, sənaye və digər sahələrin inkişafı həm yerli istehsalın genişlənməsinə, həm də yeni müəssisələrin yaradılmasına imkan verə bilər. Bu proses yeni iş yerlərinin açılması, əhalinin gəlirlərinin artması və xidmət sektorunun canlanması ilə nəticələnə bilər".

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı  Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:

" Eyni zamanda, Naxçıvanın iqtisadiyyatının yalnız dövlət investisiyalarından deyil, özəl sektor və xarici investorların fəaliyyətindən daha çox asılı olması üçün zəmin yarana bilər.
Nəqliyyat-kommunikasiya imkanlarının genişlənməsi isə Naxçıvanın iqtisadi potensialı baxımından xüsusi əhəmiyyət daşıyır. Bölgənin Azərbaycan, Türkiyə və digər regional bazarlarla daha rahat əlaqələndirilməsi yükdaşımaların vaxtını və xərclərini azalda, məhsulların bazarlara çıxışını asanlaşdıra bilər. Bu, Naxçıvanı təkcə istehlak bazarı deyil, həm də logistika, tranzit, ticarət və istehsal məkanı kimi daha cəlbedici edə bilər.
Xüsusilə Zəngəzur istiqamətində nəqliyyat əlaqələrinin bərpası və genişlənməsi Naxçıvanın Azərbaycanın əsas iqtisadi ərazisi ilə əlaqələrini gücləndirə bilər. Bununla yanaşı, Türkiyə ilə birbaşa nəqliyyat əlaqələrinin inkişafı Naxçıvanın Avropa və Yaxın Şərq bazarlarına çıxış imkanlarını genişləndirə bilər. Belə şəraitdə logistika mərkəzləri, anbar kompleksləri, gömrük və nəqliyyat xidmətləri, turizm və ticarət infrastrukturu üçün yeni imkanlar yarana bilər.
İnvestor baxımından əsas üstünlük isə Naxçıvanın strateji mövqeyi ilə yanaşı, nəqliyyat xərclərinin azalması və bazarlara çıxışın asanlaşması olacaq. Əgər bu layihələr paralel şəkildə sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorlarına investisiyalarla tamamlanarsa, Naxçıvanın iqtisadi artımı daha dayanıqlı xarakter ala bilər.əticədə bölgə həm Azərbaycanın daxili iqtisadi sistemində, həm də regional ticarət marşrutlarında daha mühüm mövqeyə sahib ola bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31