Yaponiya ilə Rusiya arasında yeni gərginlik: Putinin səfəri etiraza səbəb oldu
11:03 SiyasətRusiya Prezidenti Vladimir Putinin Kuril adalarının cənubundakı İturup adasına səfəri Yaponiya ilə yeni gərginliyə səbəb olub.
Milli.Az xəbər verir ki, Putin səfər zamanı Yasnı balıq emalı zavoduna baş çəkib və Rusiyanın Sakit Okean Donanmasının təlimlərini izləyib. O, həmçinin donanmanın flaqmanı olan "Varyaq" kreyserinə baxış keçirib.
Yaponiya Xarici İşlər Nazirliyi səfərə görə Rusiyaya "sərt etiraz" bildirib. Tokio İturup da daxil olmaqla, Kuril adalarının cənubundakı dörd adanı "Şimal Əraziləri" adlandırır və onların Yaponiyaya məxsus olduğunu iddia edir.
Adalar üzərindəki suverenlik mübahisəsi İkinci Dünya müharibəsindən sonra Rusiya ilə Yaponiya arasında münasibətlərin əsas problemlərindən biri olaraq qalır. Bu fikir ayrılığı iki ölkə arasında sülh müqaviləsinin imzalanmamasının səbəblərindən biridir.
Putinin İturupa səfəri Rusiya prezidenti kimi bu adaya ilk səfəri olub.