"Bakı tərəfdaşlarını özü seçir"- Politoloqdan Azərbaycan-Ukrayna münasibətlərinə şərh- ÖZƏL

" Azərbaycan-Ukrayna münasibətlərində son dövrdə müşahidə olunan yaxınlaşma təsadüfi deyil. Ceyhun Bayramovun Kiyevə səfəri və ən yüksək səviyyədə qəbul edilməsi Bakı ilə Kiyev arasında siyasi dialoqun və əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu prosesin Rusiya-Ukrayna müharibəsi fonunda baş verməsi isə təbii olaraq müəyyən geosiyasi suallar yaradır. Lakin Azərbaycanın Ukrayna ilə əməkdaşlığı Rusiyaya qarşı yönəlmiş siyasət kimi təqdim edilə bilməz. Bakı öz xarici siyasətini üçüncü dövlətlərin münasibətindən asılı olaraq deyil, milli maraqları və beynəlxalq hüququn prinsipləri əsasında formalaşdırır".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:

"Rusiya tərəfindən Azərbaycana qarşı hansısa ciddi siyasi və ya iqtisadi addımın atılacağı ehtimalını şişirtmək də doğru olmaz. Azərbaycan-Rusiya münasibətləri çoxşaxəlidir və iki ölkəni birləşdirən enerji, nəqliyyat, ticarət, humanitar və regional təhlükəsizlik kimi mühüm istiqamətlər mövcuddur. Moskvanın Bakı ilə münasibətlərdə kəskin qarşıdurmaya getməsi Rusiyanın öz regional maraqları baxımından da rasional seçim olmazdı.
Digər tərəfdən, Azərbaycan Ukraynaya dəstəyini hərbi qarşıdurmanın iştirakçısına çevrilmədən həyata keçirir. Bu, Bakının prinsipial və ölçülü xarici siyasət xəttidir. Azərbaycan həm Ukrayna ilə münasibətlərini inkişaf etdirir, həm də digər regional və qlobal güclərlə əlaqələrini milli maraqları əsasında davam etdirir.
Əsas məsələ də məhz budur: Azərbaycan artıq xarici siyasətində hansısa mərkəzin reaksiyasını gözləyən ölkə deyil. Bakı tərəfdaşlarını özü seçir, əməkdaşlıq istiqamətlərini özü müəyyənləşdirir və bunu qarşıdurma yaratmaq üçün deyil, milli maraqlarını daha geniş müstəvidə təmin etmək üçün edir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31