Ceyhun Bayramovun Ukraynaya səfəri niyə Rusiyada qıcıq yaradıb?- ÖZƏL
10:32 Siyasət"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəri Rusiya Dumasının bəzi üzvlərində möhkəm qıcıq yaradıb deyəsən və hətta bizə eyhamlı məsləhət də verirlər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Birinci Qarabağ savaşında Ermənistanın Azərbaycan torpaqlarını ələ keçirməsində və otuz ilə yaxın işğal altında saxlamasında müstəsna rol oynayan bir ölkənin parlamentindəkilərin bizə Ukraynaya yanaşmada necə siyasət yeritməyi diqtə etmək cəhdləri, yumşaq desək, həddini bilməzlikdir. Belə bir cəhddə bulunan deputata - Rusiya Dumasının Beynəlxalq işlər üzrə komitə sədrinin müavini Aleksey Çepaya, BMT Nizamnaməsinin 2-ci maddəsinin 7-ci bəndinə, Beynəlxalq Hüquq Prinsipləri haqqında Bəyannaməyə (1970), Helsinki Yekun Aktına (1975) gözucu nəzər salmasını məsləhət görərdim.
Azərbaycanla Ukrayna arasında strateji tərəfdaşlığa qəzəblənmək əvəzinə Rusiya Dumasındakılar yaxşı olar ki, qardaş slavyan ölkəsinə qarşı etdiklərinin nə dərəcədə beynəlxalq hüquqa və normalara uyğun gəldiyi haqda düşünsünlər. Ən yüksək səviyyədə bəyan etdikləri kimi əgər orada yaşayanlarla eyni xalqdırlarsa, niyə o gözəl ölkənin altını üstünə çevirirlər? Hər iki tərəfdən yüz minlərlə adam ölüb-bu siyasətin adı nədir?
Azərbaycanı Ukraynaya silah verməməyə çağıran Çepa onu da bilməlidir ki, indiyədək belə bir addım atılmayıb. Və əgər atılmalı olsa, İkinci Qarabağ savaşı öncəsi də, savaşın gedişində də Ermənistana silah-sursat ötürənlərlə, "İsgəndər-M" raketi ilə Şuşanı hədəfə alanlarla məsləhətləşəsi deyilik".