Azərbaycan zərurət yaranacağı halda Ukraynaya qaz tədarük etməyə hazırdır - Ceyhun Bayramov

Azərbaycan zərurət yaranacağı halda dost Ukraynaya qaz tədarük etməyə hazırdır və Ukraynanın yeraltı qaz anbarlarından istifadə imkanlarını da nəzərdən keçirir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın xarici işlər naziri Andriy Sibiha ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir bildirib ki, Azərbaycanla Ukrayna arasında energetika sahəsində əməkdaşlıq uzun illərə söykənən strateji xarakter daşıyır.

"İkitərəfli energetika dialoqumuz çərçivəsində müxtəlif layihələr, o cümlədən infrastrukturlardan istifadə imkanları müntəzəm olaraq müzakirə olunur. Ukraynanın geniş qaz saxlama tutumları və anbar infrastrukturu böyük potensiala malikdir", - deyə o qeyd edib.

C.Bayramov vurğulayıb ki, Azərbaycan tərəfi kommersiya baxımından əlverişli olan, tərəflərin maraqlarına cavab verən və texniki-iqtisadi əsaslandırılması olan hər bir imkanı dəyərləndirməyə hazırdır.

Nazir əlavə edib ki, Azərbaycanın qaz ehtiyatları və ixrac imkanları artmaqda davam edir.

"Əgər zərurət yaranarsa, dost Ukraynaya da qaz tədarük etməkdən məmnun olarıq", - deyə C.Bayramov bildirib.

Onun sözlərinə görə, bu məsələlər ekspertlər səviyyəsində daim diqqət mərkəzində saxlanılır.

Nazir Ukraynadakı mülki və energetika infrastrukturlarının, o cümlədən SOCAR brendi altında fəaliyyət göstərən obyektlərin təhlükəsizliyi məsələsinə də toxunub.

"SOCAR Ukraynada uzun illərdir uğurla fəaliyyət göstərən və hətta ən çətin dövrlərdə də işini saxlayaraq mülki əhaliyə xidmət edən bir şirkətdir", - deyə C.Bayramov bildirib.

O qeyd edib ki, hava hücumundan müdafiə və hərbi mühafizə məsələləri Ukrayna dövlətinin səlahiyyətinə daxildir.

Nazirin sözlərinə görə, Azərbaycanın diqqəti mülki obyektlərin fasiləsiz fəaliyyətinin təmin olunmasına, humanitar yardımların çatdırılmasına və zərər çəkmiş infrastrukturun bərpasına dəstək göstərilməsinə yönəlib.

"Azərbaycan Ukrayna xalqının ehtiyaclarına uyğun olaraq humanitar və energetika sahəsində dəstəyini bundan sonra da davam etdirəcək", - deyə C.Bayramov əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31