Azərbaycanın Ukrayna ilə münasibətlərində yeni mərhələ?- Politoloqdan qiymətləndirmə- ÖZƏL

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfər edib.  Səfər çərçivəsində ukraynalı həmkarı Andrii Sıbihanın iştirakı ilə Ukraynanın Həlak olmuş Müdafiəçilərinin Xatirə Memorialını ziyarət edib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

Ceyhun Bayramovun Ukraynaya səfəri  Azərbaycanın Ukrayna ilə münasibətləri və xarici siyasəti baxımından hansı diplomatik mesajları verir? Bu səfər Azərbaycanın regionda balanslaşdırılmış xarici siyasət kursu və beynəlxalq tərəfdaşları ilə münasibətləri kontekstində necə qiymətləndirilə bilər?
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib:

" Azərbaycan və Ukrayna arasındakı münasibətlər hazırkı mərhələdə çox yaxşıdır. İki ölkə arasındakı münasibətlər həm Azərbaycan torpaqlarının işğal edildiyi dövrdə, həm də Rusiya-Ukrayna müharibəsi başladığı gündən etibarən pozulmadı. Əksinə, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Rusiyanın işğalını pisləyən bəyanatlar da verirdi. Hətta bu məsələyə cənab Prezident İlham Əliyev səviyyəsində də bir neçə dəfə reaksiyalar bildirilib. Yəni, rəsmi Bakının mövqeyi açıq və dəqiqdir.
Ceyhun Bayramovun səfərinə gəldikdə isə hesab edirəm ki, Ukrayna ilə Azərbaycan arasındakı münasibətlər hər nə qədər yaxşı olsa da, inkişaf etsə də, əlbəttə ki, münasibətlərin gələcəyi baxımından xarici işlər nazirləri, baş nazirlər arasında təmasların olması hər zaman gərəklidir. Xüsusilə Rusiya-Ukrayna arasında müəyyən balans siyasəti aparan Bakının bu tipli səfərlərlə atdığı addımların tərəflər arasında müəyyənləşdirilməsi, fikir mübadiləsi aparılması, eyni zamanda dövlətlərarası iqtisadi, siyasi və diplomatik münasibətlərin inkişafı üçün bu tipli səfərlər və mütəmadi görüşlərin keçirilməsi vacibdir.
Azərbaycan balans siyasətini və siyasi məsələlərdəki manevr imkanlarını hər zaman saxlayır, aktiv şəkildə davam etdirir. Rusiya ilə gərginlik yaşadığımız dövrlər olub. İndi də münasibətlərin müəyyən qədər soyuduğunu deyə bilərik. Düzdür, əvvəlki illərlə müqayisədə bu, AZAL hadisəsinin pik həddindəki kimi bir gərginlik deyil. Amma hər halda bu münasibətlərdə əvvəlki qaydada etimad mühitinin bərpa olunduğunu da deyə bilmərik. Ona görə də rəsmi Bakı bu tipli səfərlərlə, mümkündür ki, müəyyən qədər Moskvaya və Rusiya dairələrinə də mesaj verir ki, bizim buradakı mövqeyimiz budur. Amma Azərbaycanın balans siyasətindən imtina etdiyini düşünmürəm. Əksinə, yaxın müddət ərzində Rusiyaya da müəyyən rəsmi səfərlərin baş tuta biləcəyini deyə bilərik.
Azərbaycan heç zaman Rusiya və Ukrayna arasında bir tərəf seçməz. Dediyim kimi, biz işğalı dəstəkləmirik, işğalçılığı da pisləyirik və Ukraynanın haqlı mövqeyini dəstəkləyirik. Amma bu, birmənalı şəkildə Rusiyaya qarşı sanksiyalara qoşulduğumuz və yaxud Rusiyaya qarşı siyasi təzyiqlər səfərində olduğumuz mənasına gəlmir.
Rəsmi Bakının xarici siyasətdəki mövqeyi hər zaman praqmatikdir. Yəni hisslərlə davranmırıq. Biz situasiyalara uyğun hərəkət edirik və daha çox gələcək perspektivə hesablanmış addımlar atmaqda maraqlıyıq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31