“Böyük güclər beynəlxalq hüququ faktiki olaraq təsirsiz vəziyyətə salıb” – ŞƏRH – ÖZƏL
16:25 SiyasətTürkmənistanın təşəbbüsü ilə BMT Baş Assambleyası 2028-ci ili "Beynəlxalq Hüquq İli" elan edən qətnaməni yekdilliklə qəbul edib. 78 dövlətin həmmüəllif olduğu sənəd ölkənin bitərəflik siyasətinin uğuru kimi qiymətləndirilsə də, qərar BMT-nin roluna dair növbəti müzakirələrə yol açıb.
Maraqlıdır, BMT-nin bəyannamə və qətnamələrinin mövcud geosiyasi şəraitdə beynəlxalq hüququn bərpasına real mexaniki töhfəsi varmı?
"BMT-də Türkmənistanın təşəbbüsü ilə hər hansı bir sənədin qəbul olunması, təbii ki, bu ölkənin qlobal məkandakı imici və PR fəaliyyəti baxımından müəyyən qədər önəm daşıyır. Eyni zamanda, Türkmənistanın siyasi elitası bu məqamdan ölkədaxili auditoriyaya hesablanmış açıqlamalar və təbliğat məqsədləri üçün də istifadə etmək imkanına malikdir. Yəni, belə hesab etmək olar ki, Türkmənistan bu addımdan həm öz beynəlxalq imicinin gücləndirilməsi, həm də ölkədaxili təbliğat məqsədləri üçün geniş şəkildə istifadə edəcək".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Ekspert bildirib ki, ümumi götürdükdə, qlobal məkan üçün bu sənədin və ya bu tipli sənədlərin elə də ciddi əhəmiyyəti yoxdur. Çünki dünyanın aparıcı dövlətlərinin, o cümlədən ABŞ, Rusiya, Çin və digər böyük güclərin son davranışları beynəlxalq hüquq normalarını faktiki olaraq təsirsiz vəziyyətə salıb. Yəni, dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün kifayət qədər ciddi beynəlxalq sənədlər, BMT qətnamələri və müxtəlif hüquqi mexanizmlər mövcuddur. Ancaq indiki mərhələdə həmin sənədlər və mexanizmlər demək olar ki, ciddi təsir gücünə malik deyil.
Ekspertin sözlərinə görə, Beynəlxalq hüquq normaları faktiki olaraq işlək mexanizmlərdən uzaq düşüb. Bu baxımdan Türkmənistanın 2028-ci ilin Beynəlxalq Sülh və Etimad İli elan olunmasına BMT səviyyəsində nail olması elə də ciddi əhəmiyyət daşımır. Bu, ən yaxşı halda simvolik bir addım kimi qiymətləndirilə bilər. Bundan sonra dünyanın daha təhlükəsiz olacağına və ya beynəlxalq münasibətlərdə köklü dəyişikliklərin baş verəcəyinə ümid bəsləmək isə müəyyən mənada sadəlövhlük olardı.
Səidə Ramazanova