Azərbaycanın Ukrayna mesajı: Bakı milli maraqlara əsaslanan balanslı siyasət yürüdür – ÖZƏL

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya səfər edib və artıq görüşlər keçirilib, bir sıra məsələlər müzakirə olunub. Eyni zamanda, strateji əməkdaşlığın genişləndirilməsi, Azərbaycan-Ukrayna münasibətlərinin iqtisadi, humanitar və enerji sahələrində inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Artıq mətbuat konfransı da keçirilib və həmin konfransda Ukraynanın xarici işlər naziri, həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov müzakirə olunan məsələlər barədə ictimaiyyətə məlumat veriblər".

Bu sözləri xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəri ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi ekspert Şakir  Ağayev  deyib.

Bəs Ceyhun Bayramovun Ukraynaya səfəri  Azərbaycanın Ukrayna ilə münasibətləri və xarici siyasəti baxımından hansı diplomatik mesajları verir?

Azərbaycan bir daha göstərir ki, tam müstəqil xarici siyasət yürüdür və heç bir tərəfdə yer almır. Yürüdülən xarici siyasət yalnız Azərbaycanın milli maraqları baxımından həyata keçirilir. Azərbaycan bütün dövlətlərlə diplomatik əlaqələri və diplomatik münasibətləri kiminsə icazəsi ilə və ya kiminsə bunu qəbul edib-etməməsi baxımından deyil, öz dövlətçilik və milli maraqları baxımından qurur və inkişaf etdirir. Məhz belə bir qənaətə gəlməyə xarici işlər nazirlərinin mətbuat konfransındakı çıxışları və ictimai platformalarda səsləndirilən fikirlər əsas verir. Ukrayna tərəfi Azərbaycana minnətdarlığını bildirib. Həm Ukraynaya göstərilən humanitar yardımlara görə, həm də Azərbaycanın Ukraynanın suverenliyini dəstəklədiyinə görə təşəkkür ifadə olunub. Azərbaycan bir daha bütün beynəlxalq aləmə göstərir ki, beynəlxalq hüququn prinsipləri Azərbaycan üçün hər şeydən öndədir və Azərbaycan öz fəaliyyətində beynəlxalq hüquq normalarından çıxış edir. Dövlətlərlə münasibətlər də məhz bu prinsiplər əsasında qurulur və inkişaf etdirilir. Bu onu da göstərir ki, Azərbaycan bütün dövlətlərlə müstəqil siyasət yürüdür. Azərbaycan İran-İsrail qarşıdurmasında və İran-ABŞ gərginliyində də tərəf tutmur. İranla münasibətlərini davam etdirir. Eyni zamanda, milli maraqları çərçivəsində ABŞ və İsraillə də münasibətlərini inkişaf etdirir.

"Rusiya-Ukrayna müharibəsi gedən bir dövrdə, təxminən bir ay əvvəl Ceyhun Bayramov Rusiyaya səfər etmişdi. Həmin səfər çərçivəsində Azərbaycan-Rusiya münasibətləri, regional məsələlər, beynəlxalq münasibətlər və strateji müttəfiqlik əlaqələri müzakirə olunmuşdu. Üstündən çox vaxt keçməmiş, demək olar ki, bir ay tamam olmamış, Ceyhun Bayramov Ukraynaya da səfər etdi. Baxmayaraq ki, Rusiya-Ukrayna müharibəsi davam edir, Azərbaycan həm Rusiya, həm də Ukrayna ilə münasibətlərini qoruyub saxlayır və inkişaf etdirir. Bu da onu göstərir ki, hər iki tərəf Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Bu, bir daha Azərbaycanın bütün xarici siyasətinin Azərbaycan xalqının, dövlətinin və milli maraqlarının çərçivəsində həyata keçirildiyinin ən aydın sübutudur", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31