Azərbaycanın iqtisadi imkanları siyasi mövqeyini daha da möhkəmləndirir- ÖZƏL
16:19 Siyasət"Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması yeni imkanlar açır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Son bir ilin reallıqlarına diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı İlham Əliyev hər bir çıxışında bu çağırışı edir ki, biz əbədi sülhə sadiqik. Bu, bizim strategiyamız və siyasətimizdir və bir daha onu nümayiş etdirir ki, Azərbaycan sülhsevər ölkədir. Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan malik olduğu üstünlükləri ilə dünyanın diqqətindədir. Təbii ki, bu üstünlüklər sırasında coğrafi mövqeyi xüsusi qeyd edilir. Şərqlə Qərbin qovuşağında yerləşən Azərbaycan körpü rolunu daim möhkəmləndirir. Nəqliyyat və logistika məkanı kimi diqqətdədir. Ölkələr arasında əlaqələrin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq Azərbaycanın bu imkanlarının əməkdaşlığın coğrafiyasının genişləndirilməsində rolu aydın görünür. Onu da qeyd edək ki, ötən il Vaşinqton Sammitinin nailiyyətlərindən biri Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsidir. Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinə inteqrasiyasına xidmət edən vacib nəqliyyat əlaqəsi olacaq. Layihənin əsas məqsədi regionda sülhü möhkəmləndirməklə yanaşı, yeni iqtisadi əlaqələrin formalaşdırılmasına, yükdaşımaların genişlənməsinə töhfə verməkdir".
Malik Həsənov qeyd edib ki, Azərbaycanın iqtisadi imkanları siyasi mövqeyini daha da möhkəmləndirir: "Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi yeni körpülərin qurulmasını şərtləndirir. Azərbaycanın xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir. Qarşılıqlı səfərlərin dinamikliyi, Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin sayı, qlobal problemlərin həllində ölkəmizin mövqeyinə verilən xüsusi önəm özündə bütün məqamları ehtiva edir. Azərbaycanın regionda, dünya siyasətində rolu təqdir edilir. Hazırda tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının reallıqları fonunda azad Qarabağımızda və azad Şərqi Zəngəzurumuzda genişmiqyaslı bərpa quruculuq işləri həyata keçirilir. Quruculuq prosesi regionda uzunmüddətli sülh və əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir".