Hörmüz boğazı ilə bağlı İran-Oman razılaşması: Region üçün nə dəyişəcək? ÖZƏL

İran və Oman Hörmüz boğazından keçən yeni marşrutun coğrafi koordinatlarını razılaşdırıblar, İran XİN sözçüsü İsmail Bəqayinin sözlərinə görə, razılaşma ilə bağlı birgə bəyanat son hazırlıq mərhələsindədir.

Mövzu ilə bağlı beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı Olaylar.az-a açıqlama verib:
" İndi detalların açıqlanmasını gözləmək lazımdır bu məsələdə. Çünki biz hələ bilmirik ki, yeni razılaşma nədən ibarətdir. Ancaq mənə elə gəlir ki, həm İran, həm də Oman razılaşma çərçivəsində dövlətlərin suveren hüquqlarını da nəzərə alacaqlar. Ancaq bununla belə gözləmək olar ki, dominant tərəf İran olacaq. Çünki bu razılaşma əslində bir növ də İranın ABŞ və İsrail ilə münaqişədən sonra baş verən hadisələr fonunda əldə edildi və İran dəfələrlə Oman tərəfinə bu istiqamətdə də təzyiq etmişdi. Ona görə də indi gözləmək olar ki, İran razılaşma əldə edirlərkən də özünün maraqlarını Oman tərəfinə diktə etməyə çalışıb və tam olmasa da, müəyyən üstünlüklər qarşı tərəfdən qazana bilib. Ancaq dediyim kimi, yenə də təfərrüatlar burada açıqlanması zəruridir ki, körfəzin sonrakı taleyi barədə dəqiq fikir bildirmək mümkün olsun. İstənilən halda isə düşünürəm ki, indi ortada bir razılaşma varsa, təbii ki, bu iki dövlətin bir yerdə cavabdeh olacağı bir məsələyə çevriləcək. Bu iki dövlətdir ki, bunlar biri körfəzin, yəni Hörmüz boğazının şimalında, biri cənubunda qalır və boğazın əsas dar hissəsi də məhz onların sərhədlərinə düşür. Ona görə də artıq açıq qalan məsələlərin qapadılması və nəqliyyat marşrutlarının necə və hansı istiqamətlərdən keçəcəyi barədə nəticələr imkan verəcək ki, bundan sonra Hörmüz boğazının bağlanması məsələsi ya İranın, ya da Omanın birtərəfli qaydada qərar vermədiyi bir reallığa çevrilsin. Yəni bugünə qədər ortada razılaşma yox idi, anlaşma yox idi. İran istədiyi zaman elan edirdi ki, mən Hörmüzü bağlayıram, keçidlərə icazə verməyəcəm və s. Hətta yadınızdadırsa, Oman sahillərindən hərəkəti belə, hərçənd orada hərəkət risklidir, çünki boğazın dərin hissəsi İran sahillərinə düşür. Amma yenə də Oman sahillərindən də riskli olsa da, çətin olsa da, hərəkət etmək mümkün idi və İran münaqişə ərzində oradan keçən gəmilərə də təzyiq edirdi. İndi yeni razılaşmaların sonra təbii ki, İranın üzərinə götürdükləri öhdəliklər olacaq. Bu öhdəliklərə görə də əlbəttə ki, o Omanın suveren haqlarını, hüquqlarını tanımış sayılacaq. Bu da daha təhlükəsiz bir infrastrukturun qurulması üçün şərait yaradacaq. Ancaq burada yenə də diqqət edilməsi gərəkən məqamlardan biri də xarici faktorlardır. Yəni bu müqavilə bağlandı kimin arasında? İran və Omanın arasında. Qərb dairələri bunu tanıyacaqlarmı? ABŞ təfərrüatlar açıqlandan sonra özünün maraqlarına uyğun olmadığı qənaətinə gələrsə, necə reaksiya verəcək? Omandan nə istəyəcək, İrandan nə istəyəcək? Ümumiyyətlə münaqişənin davam etmə ehtimalı nə qədər olacaq bundan sonra? Yaxud da ki, təkcə qərblə, ABŞ-la bitmir. Rusiyanın, Çinin, elə Türkiyənin özünün və boğazdan keçən digər qeyri-Avropa dövlətlərinin yanaşması nədən ibarət olacaq? Çünki bəlli olduğu kimi Hörmüz boğazı beynəlxalq marşrut sayılır. Hörmüzdən keçən tranzit layihələr beynəlxalq statusa malikdir. Heç kim orada şərt qoya bilməz, heç kim orada nəzarət keçid məntəqələri inşa edə bilməz. Hə, əgər söhbət texniki dəstək, texniki fəaliyyətlərdən gedirsə və İran-Oman razılaşması da sırf bu istiqamətdən olacaqsa, bunun özü belə yeni suallar ortaya çıxarır. Burada o texniki dəstək deyəndə nəyi nəzərdə tuturlar? Gəmilərin məcburi yoxlanılması mı tətbiq olunacaq? Könüllü yoxlanılmadan söhbət gedirsə, onsuz bunun üçün xüsusi anlaşmaya ehtiyac yoxdur. Yəni mənə elə gəlir ki, indi hazırki situasiyada bu razılaşma bir az da formal xarakter daşıyacaq. Amma nə qədər formal olsa belə, artıq İran və Oman arasında ən azından birinin digərinə və onun haqlarına, hüquqlarına etimad göstərilməsi, hörmət göstərilməsi baxımından nəticə verə bilər və gərginliyin azaldılması istiqamətində də sırf ikili münasibətlərdə rol oynaya bilər. Amma beynəlxalq cəhətdən inanmıram bu formal bir müqavilə kimi qalacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31