Əkbər Qoşalı: “Sülh hüquqi sənədlərlə və gerçək siyasi davranışla qazanılır” – ÖZƏL

Azərbaycan  Prezidentinin  köməkçisi Hikmət Hacıyev bildirib ki, Ermənistan Konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını nəzərdə tutan müddəanın çıxarılması yekun sülh sazişinin imzalanması üçün əsas şərtdir. O qeyd edib ki, bu addım atılacağı təqdirdə Bakının sülh müqaviləsini bağlamaqla bağlı heç bir problemi qalmayacaq.

"Sülh hüquqi və siyasi iradənin uzunömürlü təminatıdır, elə buna görə də Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı irəli sürdüyü tələb beynəlxalq hüququn və dövlətlərarası münasibətlərin elementar məntiqindən irəli gələn yanaşmadır. Yəni buna hansısa əlavə şərt demək düzgün deyil. Əgər Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarını ehtiva edən müddəalar "qüvvə"də qalacaqsa, imzalanacaq istənilən sülh sazişi daxili hüquqla ziddiyyət təşkil edəcək. Bax, belə olarsa, bu gələcəkdə həmin iddiaların yenidən siyasi gündəmə gətirilməsi üçün "hüquqi" zəmin saxlayacaqdır. Ona görə də Konstitusiyada müvafiq dəyişikliklərin edilməsi sülh sazişinin hüquqi dayanıqlığını, tarixi davamlılığını təmin edər. Bu həm də imzalanmanı sürətləndirərcəkdir".

Bu sözləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, yeni Konstitusiyanın qəbul edilməsi Ermənistanın bölgəyə baxışında keyfiyyət dəyişikliyinin göstəricisi ola bilər. Əgər bu sənəd beynəlxalq hüququn, dövlətlərin ərazi bütövlüyünün və qarşılıqlı suverenliyə sayğı prinsipinin əsasında hazırlanarsa, bu, Azərbaycan-Ermənistan münasibətlərində uzunmüddətli güvənin formalaşması üçün önəmli psixoloji və siyasi zəmin yaradacaqdır. Göründüyü kimi, proses əvəzçıxma yaxud yanlış tarixi iddialar üzərində getməməlidir. Güvən açıqlamalarla olmur, güvən hüquqi sənədlərlə, gerçək siyasi davranışla qazanılır. Bu gün Güney Qafqazın ən böyük ehtiyacı keçici sakitlikdən üstün - institusional, geri dönməz sülhün özüdür. Belə bir sülhün yolu isə keçmiş işğalçının ərazi iddialarını siyasi ritorikadan yuxarı qaldırıb, bilavasitə konstitusion-hüquqi sistemdən tamamilə çıxarmasından keçir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31