Türk dövlətləri arasında əməkdaşlıq möhkəm təməl üzərində inkişaf edir- ÖZƏL
16:04 Siyasət"Azərbaycan müstəqillik əldə etdikdən sonra türk dövlətləri arasında münasibətlər ortaq tarixi, milli-mənəvi dəyərlər, türk dünyasının birliyi və qarşılıqlı etimada əsaslanan möhkəm təməl üzərində inkişaf edir. Müstəqillik illərində türk dövlətləri arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, humanitar əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək davamlı şəkildə genişlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir". "Olaylar" xəbər verir ki, bunu YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov deyib:
"Azərbaycanın müstəqilliyinin ilk illərində Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi xarici siyasət kursu ölkəmizin bütün dost və qardaş dövlətlərlə, o cümlədən Qırğızıstanla münasibətlərinin möhkəm əsaslar üzərində qurulmasına imkan yaratdı. Ümummilli Lider türk dövlətləri arasında həmrəyliyin gücləndirilməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmiş, qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və ortaq milli-mədəni dəyərlərə söykənən əlaqələrin inkişafına xüsusi önəm vermişdir. Məhz həmin siyasi kurs bu gün də uğurla davam etdirilir və Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi çoxşaxəli xarici siyasət nəticəsində qardaş türk dövlətləri ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoymuşdur. Bu gün Azərbaycan və Qırğızıstan siyasi, iqtisadi, nəqliyyat-logistika, enerji, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığı daha da genişləndirir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir, türk dünyasının inteqrasiyasının gücləndirilməsi istiqamətində ortaq təşəbbüslərlə çıxış edir".