Dünya bazarında neft sıçrayışı: Büdcəyə və daxili bazara necə təsir edəcək? – ÖZƏL

Dünya bazarında neft qiymətləri yenidən yüksəlməyə başlayıb. ABŞ Prezidenti Donald Trampın İranla bağlı açıqlamalarından sonra dünən eniş qeydə alınsa da, bu gün ilk hərraclarda qiymətlər 1 dollardan çox artıb. Londonun ICE birjasında Brent markalı neftin qiyməti 85 dolları, Nyu-Yorkun NYMEX birjasında isə WTI neftinin qiyməti 81 dolları keçib.

Dünya bazarında neft qiymətlərinin yenidən artması Azərbaycanın iqtisadiyyatına və dövlət büdcəsinə necə təsir göstərə bilər?

"Dünya bazarında neft qiymətlərinin artması qısa və orta müddətli dövrdə Azərbaycan iqtisadiyyatı üçün ümumilikdə müsbət amil hesab olunur. Çünki ölkəmizin ixrac gəlirlərinin və dövlət büdcəsi daxilolmalarının əhəmiyyətli hissəsi neft-qaz sektorundan formalaşır".

Bu fikirləri iqtisadçı ekspert Bella Bəşirova Olaylar.az-a açıqlamasında deyib. İqtisadçı bildirib ki, neftin qiymətinin yüksəlməsi ilk növbədə Dövlət Neft Fondunun gəlirlərinin artmasına, valyuta daxilolmalarının çoxalmasına və dövlət büdcəsinin gəlir hissəsinin güclənməsinə şərait yaradır. Bu isə infrastruktur layihələrinin, sosial proqramların və dövlət investisiyalarının maliyyələşdirilməsi imkanlarını genişləndirə bilər. Eyni zamanda, ölkənin tədiyə balansı və valyuta ehtiyatları da möhkəmlənə bilər ki, bu da makroiqtisadi sabitliyin qorunmasına müsbət təsir göstərir.
Lakin uzunmüddətli perspektivdə iqtisadiyyatın yalnız yüksək neft qiymətlərinə arxalanması düzgün yanaşma deyil. Əsas məqsəd əldə olunan əlavə gəlirlərin qeyri-neft sektorunun inkişafına, istehsalın genişləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi olmalıdır.

"Dünya bazarında neftin bahalaşması beynəlxalq bazarlarda neft məhsullarının maya dəyərini artırır. Lakin Azərbaycanda yanacaq qiymətləri tam şəkildə bazar prinsipi ilə deyil, dövlət tənzimlənməsi əsasında formalaşdığı üçün dünya qiymətlərindəki hər artım avtomatik olaraq daxili bazarda qiymət artımına səbəb olmur.
Bununla belə, əgər dünya bazarında yüksək qiymətlər uzun müddət davam edərsə və qlobal enerji xərcləri artarsa, bu, müəyyən məhsul və xidmətlərin maya dəyərinə dolayı təsir göstərə bilər. Nəticədə logistika və nəqliyyat xərclərinin artması inflyasiya təzyiqlərini müəyyən qədər gücləndirə bilər.
Hazırkı mərhələdə isə yaxın aylarda kəskin yanacaq bahalaşması gözlənilmir. İnflyasiyaya təsir daha çox qlobal ərzaq qiymətləri, idxal xərcləri, məzənnə sabitliyi və daxili monetar siyasət kimi amillərdən asılı olacaq. Yekun olaraq, neft qiymətlərinin yüksəlməsi Azərbaycan üçün qısamüddətli dövrdə əlavə maliyyə imkanları yaratsa da, əsas prioritet bu gəlirlərin səmərəli idarə olunması və qeyri-neft sektorunun inkişafına yönəldilməsi olmalıdır. Bu yanaşma uzunmüddətli iqtisadi dayanıqlığın təmin edilməsində həlledici rol oynayacaq", - deyə ekspert əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31