Yaxın Şərqdə yeni siyasi era başlayır- ÖZƏL

"Yaxın Şərqdə yeni siyasi era başlayır. Livan və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə davam edən danışıqlar fonunda İsrail tərəfindən Livanın beynəlxalq sərhədlərinin mümkün dəyişdirilməsi məsələsinin gündəmə gətirilməsi fonunda Beyrutdakı siyasətçilər tək imdad yollarının Ankarada olduğunu anlamaqdadırlar. Əgər belə olmasaydı düz 17 il sonra ilk dəfə Livan lideri Türkiyəyə gəlməzdi. Əslində bu faktın özü Livandakı siyasi partiyaların ciddi taktiki və strateji səhvləridir". "Olaylar" xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib: " Əgər əvvəllər  Livanla bağlı ərazi iddiaları ayrı-ayrı radikal siyasətçilərin bəyanatları səviyyəsində səslənirdisə, indi bu məsələnin dövlət siyasəti kontekstində müzakirəyə çıxarılması ehtimalı vəziyyətin xarakterini dəyişir. Xüsusilə İsrail maliyyə naziri Betsalel Smotriçin cənubi Livanın ilhaqı ilə bağlı daha əvvəl səsləndirdiyi fikirlər bu baxımdan diqqət çəkir.
Burada əsas məsələ yalnız Livanın ərazi bütövlüyü deyil. Söhbət Yaxın Şərqdə sərhədlərin güc yolu ilə dəyişdirilməsinin yeni presedentinin formalaşması ehtimalından gedir. Çünki ardınca növbədə Suriya, onun ardınca isə digərləri ola bilər. 
Livan ABŞ-dan kənar təhlükəsizlik dayaqları axtarır
Livanda başa düşürlər ki, ancaq Vaşinqtonun təhlükəsizlik təminatlarına arxalanmaq kifayət deyil və regional dayaq"a ehtiyac var. 
Məhz bu fondaLivan Prezidenti Jozef Aunun Türkiyəyə səfəri xüsusi siyasi əhəmiyyət daşıyır.  Rəcəb Tayyib Ərdoğanın Livanın cənubunda BMT-nin müvəqqəti sülhməramlı missiyasının gələcəkdə başa çatmasından sonra yeni beynəlxalq təhlükəsizlik sistemində Türkiyənin iştirakına hazır olduğunu açıqlaması Ankaranın mövqeyində mühüm keyfiyyət dəyişikliyinə işarə edir.
Bununla da, Ankara faktiki olaraq Livanın cənub sərhədlərinin təhlükəsizliyinin təmin olunmasında praktik rol oynamağa hazır olduğunu nümayiş etdirir.
Qeyd etmək lazımdır ki,  Livan Türkiyə üçün Livan vacib düyün nöqtələrdən birinə çevrilə bilər. 
Ankaradakı görüş zamanı çıxışında Livan Prezidenti Jozef Aun ordusunu gələcək sabitliyin əsas təminatçısı kimi təqdim etdi. Zənnimcə bu da maraqlı nyüansdır.  Bu prosesdə gələcəkdə  Türkiyə ilə  hərbi-texniki əməkdaşlıq əhəmiyyətli rol oynaya bilər. Əgər Ankara Livan ordusunun modernləşdirilməsinə, təliminə və texniki imkanlarının artırılmasına daha fəal şəkildə qoşularsa, Türkiyə Livanın təhlükəsizlik sektorunda uzunmüddətli və institusional mövqe qazana bilər.
Lakin məsələlər o qədər də asan deyil. Fransa, İran, İsrail kimi dövlətlər Livana olduqca həssaslıqla yanaşır, eyni zamanda Livanın daxilində də xarici siyasətlə bağlı yanaşmalar müxtəlifdir. 
Livanın mürəkkəb məzhəb və siyasi strukturu olduqca mürəkkəbdir.
Beləliklə, Livanın Türkiyəyə yaxınlaşması yalnız iki ölkə arasında münasibətlərin inkişafı kimi qiymətləndirilməməlidir. Burada daha böyük geosiyasi proses gedir.
Beyrut ABŞ-ın vasitəçiliyindən imtina etmədən təhlükəsizlik tərəfdaşlarını şaxələndirməyə çalışır. Ankara isə ilk dəfə daha açıq şəkildə Livanın təhlükəsizlik arxitekturasında praktiki rol oynamağa hazır olduğunu nümayiş etdirir.
Beləliklə, Yaxın Şərqdə yeni təhlükəsizlik konfiqurasiyasının konturları görünməyə başlayır: ABŞ vasitəçilik rolunu saxlayır, Livan təhlükəsizlik təminatlarını diversifikasiya edir, Türkiyə isə regional təhlükəsizlik aktorundan regional təhlükəsizlik təminatçısına çevrilmək istiqamətində irəliləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31