Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri ön plana çəkilir- ÖZƏL

"Azərbaycanın son illərdə həyata keçirdiyi iri nəqliyyat və logistika layihələri də regional əməkdaşlıq baxımından mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, eləcə də Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri Asiya ilə Avropa arasında yükdaşımaların sürətlənməsinə və etibarlı marşrutların formalaşmasına töhfə verir". "Olaylar" xəbər verir ki, bunu deyən YAP Apşeron rayon təşkilatının sədri Abbas Əliyevin sözlərinə görə, Prezident İlham Əliyev Qırğızıstana səfəri zamanı bildirdi ki, Qırğızıstanın bu layihələrdə fəal iştirakı həm iqtisadi faydanı artıracaq, həm də türk dövlətləri arasında inteqrasiyanı daha da gücləndirəcək: "Bəyanatda Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri də ön plana çəkildi. Dövlət başçısı təşkilat daxilində həmrəyliyin və qarşılıqlı dəstəyin əhəmiyyətini qeyd edərək bildirdi ki, ortaq təşəbbüslər türk dünyasının beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycanın bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcəyi vurğulandı.

Humanitar sahədə əməkdaşlıq da çıxışda mühüm yer tutdu. Təhsil, elm, mədəniyyət, gənclər və idman istiqamətlərində həyata keçirilən layihələrin xalqlar arasında dostluq münasibətlərini daha da möhkəmləndirdiyi qeyd edildi. Xüsusilə gənc nəslin ortaq tarixi və milli-mənəvi dəyərlər ruhunda yetişdirilməsinin gələcək əməkdaşlığın davamlılığı baxımından vacib olduğu bildirildi. Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma proqramlarından da danışdı. O, dost və tərəfdaş ölkələrin bu prosesə göstərdikləri dəstəyin Azərbaycanda yüksək qiymətləndirildiyini və bunun ölkələr arasında etimadın göstəricisi olduğunu vurğuladı.

Regional təhlükəsizlik və beynəlxalq hüquq prinsipləri də bəyanatın əsas mövzularından biri oldu. Prezident dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmətin beynəlxalq münasibətlərin ayrılmaz prinsipi olduğunu diqqətə çatdırdı və bu məsələlərdə Azərbaycan ilə Qırğızıstanın mövqelərinin üst-üstə düşdüyünü bildirdi. Səfər zamanı imzalanan sazişlər iqtisadiyyat, investisiya, nəqliyyat, təhsil, mədəniyyət və digər istiqamətlərdə əməkdaşlığın gələcək inkişafı üçün mühüm hüquqi baza yaratdı. Bu sənədlər qarşılıqlı münasibətlərin daha da genişlənəcəyinə dair nikbin gözləntiləri gücləndirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31