Ümummilli Lider türk dövlətləri ilə münasibətlərin inkişafına xüsusi önəm verirdi- ÖZƏL
11:43 Siyasət"Müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyev xarici siyasətdə türk dövlətləri ilə münasibətlərin inkişafına xüsusi önəm verirdi. O bildirirdi ki, ortaq tarixə, dilə və mədəniyyətə malik xalqlar arasında əməkdaşlıq təkcə mənəvi deyil, həm də siyasi və iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır". "Olaylar" xəbər verir ki, bunu YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib: "1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər qısa müddətdə Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirdi, türk dövlətləri ilə münasibətləri yeni məzmunda inkişaf etdirdi. Həmin dövrdə Qırğızıstan ilə dövlətlərarası münasibətlərin hüquqi bazası yaradıldı, yüksək səviyyəli siyasi dialoq formalaşdırıldı və əməkdaşlığın gələcək inkişafı üçün möhkəm təməl qoyuldu. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan-Qırğızıstan münasibətləri tarixinin ən yüksək inkişaf mərhələsini yaşayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi böyük nüfuz qazanmışdır. Dövlətimizin başçısının həyata keçirdiyi müstəqil və milli maraqlara əsaslanan xarici siyasət nəticəsində Azərbaycan türk dünyasının birləşdirici mərkəzlərindən birinə çevrilmişdir. Qırğızıstan ilə münasibətlər də məhz bu siyasətin mühüm istiqamətlərindəndir. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, Dövlətlərarası Şuranın iclasları, imzalanmış çoxsaylı sənədlər, iqtisadi və humanitar layihələr ikitərəfli münasibətləri yeni mərhələyə yüksəldib. Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlarda, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində bir-birini daim dəstəkləyir, regional təhlükəsizlik, iqtisadi inteqrasiya, nəqliyyat, enerji, rəqəmsal inkişaf və humanitar əməkdaşlıq sahələrində ortaq mövqedən çıxış edirlər. Bu gün Azərbaycan və Qırğızıstan arasında siyasi münasibətlər yüksək etimad mühitində inkişaf edir. Dövlət başçılarının müntəzəm görüşləri, hökumətlərarası komissiyanın fəaliyyəti və parlamentlərarası əməkdaşlıq əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir".