Xarici təsirlər və milli məsuliyyət- ÖZƏL
10:20 Siyasət"Ölkədən kənarda yaşamaq heç kəsə milli maraqları kölgə altına almaq haqqı vermir. Təəssüf ki, bəzən xaricdə yaşayan bəzi şəxslər özlərini daha yüksək səslə ifadə etməyi haqlı olmaq kimi təqdim etməyə çalışırlar. Halbuki beynəlxalq münasibətlərdə və dövlətçilik məsələlərində həqiqəti səsin ucalığı deyil, arqumentin gücü, siyasi mədəniyyət və milli məsuliyyət müəyyən edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib:
"44 günlük Vətən müharibəsi bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı milli məsələlərdə necə sarsılmaz birlik nümayiş etdirə bilir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız siyasi baxışından, yaşadığı ölkədən və fərdi maraqlarından asılı olmayaraq vahid məqsəd ətrafında birləşərək Azərbaycanın haqq səsini beynəlxalq ictimaiyyətə çatdırdılar. Məhz bu milli həmrəylik ölkəmizin tarixi Zəfərinin əsas dayaqlarından biri oldu.
Bu gün isə həmin birliyi zəiflətməyə yönəlmiş cəhdlər müşahidə olunur. Dar şəxsi maraqlar, siyasi ambisiyalar və ya kənar təsirlər naminə dövlət əhəmiyyətli məsələləri daxili qarşıdurma mövzusuna çevirmək, cəmiyyətdə parçalanma yaratmağa çalışmaq nə dövlətə, nə xalqa, nə də gələcək nəsillərə xidmət edir. Milli məsələlər heç vaxt şəxsi maraqların alətinə çevrilməməlidir.
Tənqid demokratik cəmiyyətin ayrılmaz hissəsidir. Lakin tənqidlə məqsədli dezinformasiya, manipulyasiya və dövlət maraqlarına zərbə vurmağa hesablanmış fəaliyyət arasında ciddi fərq var. Dövlət əhəmiyyətli tədbirlərdə və beynəlxalq platformalarda məqsədi həqiqəti öyrənmək deyil, diqqəti yayındırmaq, qışqırmaq, qarşıdurma yaratmaq və siyasi şou nümayiş etdirmək nə jurnalist etikası, nə də vətəndaş məsuliyyəti ilə uzlaşır. Belə davranışlar sağlam ictimai müzakirəyə deyil, informasiya təxribatına xidmət edir.
Azərbaycan nümayəndə heyətinin nümayiş etdirdiyi təmkinli, peşəkar və diplomatik mövqe bir daha göstərdi ki, beynəlxalq platformalarda uğur emosiyalarla deyil, arqumentlərlə qazanılır. Beynəlxalq münasibətlərdə etibarlılıq illərlə formalaşan siyasi mövqe, ardıcıl diplomatik fəaliyyət və milli maraqlara əsaslanan məsuliyyətli yanaşma ilə qazanılır; onu emosional çıxışlar və ya qısamüddətli informasiya kampaniyaları ilə əvəz etmək mümkün deyil. Bu gün yüksək səslə danışmaq, qışqırmaq və ya süni qalmaqal yaratmaq üstünlük deyil. Bu gün diplomatiyanın, siyasi mədəniyyətin və peşəkar yanaşmanın zamanıdır. Kiminsə daha ucadan danışması və ya diqqət çəkməyə çalışması onun haqlı olduğu anlamına gəlmir. Haqlılığı müəyyən edən səsin ucalığı deyil, faktlar, beynəlxalq hüquq, arqument və milli maraqlara söykənən məsuliyyətli mövqedir.
Təəssüf ki, bəzi şəxslər artıq mahiyyəti müzakirə etməkdən uzaqlaşaraq sağlam siyasi dialoqu səs-küylə əvəz etməyə çalışırlar. Arqumentlə deyil, emosiyalarla çıxış etmək, dövlət əhəmiyyətli məsələləri şəxsi gündəmin tərkib hissəsinə çevirmək və diqqəti əsas məsələdən yayındırmaq nə siyasi mədəniyyətə, nə də dövlətçilik ənənələrinə uyğundur. Dövlətçilik səs-küy üzərində deyil, məsuliyyət, təmkin və milli maraqlara sadiqlik üzərində qurulur.
Vətənə sədaqət yalnız döyüş meydanında göstərilmir. İnformasiya məkanında da milli maraqları qorumaq, dövlətin beynəlxalq mövqeyini zəiflətməyə yönəlmiş cəhdlərə alət olmamaq hər bir azərbaycanlının mənəvi borcudur. Bu gün ən böyük ehtiyacımız 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyimiz milli həmrəyliyi qorumaq, fikir ayrılıqlarını milli maraqlardan üstün tutmamaq və Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən öndə saxlamaqdır. Güclü dövlət yalnız güclü ordu ilə deyil, həm də milli birlik, siyasi məsuliyyət və peşəkar diplomatiya ilə möhkəmlənir".