Paşinyan üçün növbəti 5 il: Qərbə inteqrasiya, kilsə ilə mübarizə və sülh müqaviləsi – ÖZƏL

"Paşinyan bəyan edib ki, qarşıdakı beş il Ermənistan üçün yeni imkanlar və yeni çağırışlar yaradacaq. O, sözsüz ki, həm daxili, həm də xarici siyasəti nəzərdə tutur".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçinin sözlərinə görə, ilk növbədə, xarici siyasətdə Paşinyan çalışacaq ki, ölkəsinin Avropa Birliyinə inteqrasiyası güclənsin və Avropa Birliyi ilə əməkdaşlıq daha da genişləndirilsin. Paşinyanın əsas məqsədlərindən biri məhz budur. 2018-ci ildə Paşinyanı hakimiyyətə gətirən qüvvələr də ondan bunu gözləyirdi və o, həmin istiqamətdə siyasətini davam etdirir. Bu, xarici siyasətdə əsas prioritetlərdən biridir. Çünki Paşinyan yaxın vaxtlarda Nazirlər Kabinetinin iclaslarından birində bildirmişdi ki, Ermənistanın həm xarici, həm də hərbi siyasətdə alternativləri olmalıdır. Burada nəzərdə tutulan alternativlərdən biri Avrasiya İqtisadi Birliyinə qarşı Avropa Birliyi ilə daha sıx əməkdaşlıqdır. Eyni zamanda, Ermənistan KTMT ilə əməkdaşlığı faktiki dayandıraraq Avropa və ABŞ ilə hərbi tərəfdaşlığı gücləndirmək istəyir. Bununla yanaşı, Hindistan və digər ölkələrlə də hərbi əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Xarici siyasətdə digər əsas prioritet isə Türkiyə ilə sərhədlərin açılmasıdır. Paşinyan buna nail ola bilsə, Ermənistan üçün çox mühüm logistika və nəqliyyat imkanları yarana bilər.

"Konstitusiya məsələsinə gəldikdə isə, Paşinyanın bu istiqamətdə hansı addımları atacağını zaman göstərəcək. Hazırda dəqiq proqnoz vermək çətindir. Qarşıdakı beş il ərzində müxtəlif proseslər baş verə bilər və Paşinyan konstitusiya dəyişikliyini həyata keçirə də bilər, keçirməyə də bilər. Təbii ki, Azərbaycan üçün ən mühüm məsələlərdən biri Ermənistanda konstitusiya dəyişikliyinin həyata keçirilməsi və Azərbaycanla sülh müqaviləsinin bağlanmasıdır. Paşinyan əvvəlki hakimiyyəti dövründə də konstitusiya və sülh məsələləri barədə çox danışmışdı. Lakin təəssüf ki, real addımlar atılmadı. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən görüşdə sülh sazişi paraflansa da, nə konstitusiya dəyişikliyi istiqamətində, nə də sülh prosesinin hüquqi baxımdan tamamlanması sahəsində ciddi addımlar atıldı. Halbuki sülh prosesinin hüquqi cəhətdən başa çatmasının əsas şərtlərindən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların aradan qaldırılmasıdır. Bu vədlər yerinə yetirilərsə, regionda tamamilə fərqli bir mühit formalaşa bilər. Bu, həm də Ermənistanın xarici siyasətində yeni istiqamətlərin açılmasına və mövcud siyasətin dəyişməsinə səbəb ola bilər. Əgər Azərbaycanla hüquqi baxımdan tam sülh müqaviləsi bağlanarsa, paraflanmış sənəd təsdiqlənər və Ermənistan parlamenti tərəfindən ratifikasiya olunarsa, bu, regiondakı vəziyyəti köklü şəkildə dəyişə bilər. Belə olan halda, Paşinyanın xarici siyasətdə qarşıya qoyduğu məqsədlər - Türkiyə ilə münasibətlərin normallaşdırılması, sərhədlərin açılması və logistika imkanlarının genişləndirilməsi - daha asan reallaşa bilər. Azərbaycanla sülh müqaviləsinin imzalanmasından sonra bu proseslərin həyata keçirilməsi Ermənistan hökuməti üçün daha əlçatan olacaq və ölkə üçün mühüm əhəmiyyət daşıyacaq", - deyə ekspert əlavə edib.

Siyasi şərhçi bildirib ki, daxili siyasətə gəldikdə isə, burada əsas məqsəd Paşinyan hakimiyyətini daha da gücləndirməkdir. Paşinyan artıq iki ildən çoxdur ki, Ermənistanda kilsənin siyasi təsirini və nüfuzunu azaltmağa çalışır. O, Ermənistan katolikosunu zəiflətmək və siyasi rəqibləri üzərində tam üstünlük əldə etmək niyyətindədir. Daxili siyasətdə əsas addımların da məhz bu istiqamətdə atılması mümkündür.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31