Biznes sektoru ilə Kreml arasında fikir ayrılığı: Oliqarxlar nə istəyir? – ÖZƏL

Rusiyalı milyarder Andrey Melnıçenkonun The Economist jurnalında dərc olunan məqaləsi Rusiyada geniş müzakirələrə səbəb olub. Melnıçenko yazısında Vladimir Putinin hakimiyyətdən getməsinə çağırış etməsə də, Rusiyanın gələcək inkişaf modelinin ölkə daxilində müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. O, Qərbin sanksiyalarının qlobal iqtisadi sistemin siyasi təsirlərdən kənar olmadığını göstərdiyini qeyd edərək, biznes üçün ən etibarlı təminatın güclü dövlət olduğunu bildirib.

Maraqlıdır, Melnıçenkonun çıxışı Rusiya biznes elitasının baxışlarında dəyişiklikdən xəbər verirmi? Böyük biznesin dövlət siyasətinə daha çox təsir göstərmək istəyi gələcəkdə hansı nəticələrə səbəb ola bilər?

"Hazırda Rusiyada böyük biznes sektoru ilə siyasi elita arasındakı münasibətlər kifayət qədər mürəkkəb xarakter daşıyır. Çünki böyük biznes sektorunun təmsilçiləri, xüsusilə də oliqarxlar, birmənalı şəkildə hakimiyyət dairələrinin nəzarəti altındadırlar. Kremlin maraqlarına uyğun davranmayan heç kəs Rusiyada böyük bizneslə məşğul ola bilməz. Bu baxımdan demək olar ki, hazırda biznes sektoruna Rusiyanın siyasi dairələri nəzarət edir. Lakin Ukrayna müharibəsinin yaratdığı vəziyyət Rusiyada böyük biznes üçün ciddi təhlükələr və risklər formalaşdırıb. Çünki böyük biznes sülh və sabitlik tələb edir. Mövcud şəraitdə isə Rusiyada nə sülh, nə də tam sabitlik var və həm ölkə iqtisadiyyatı, həm də biznes sektoru ciddi risklərlə üz-üzə qalıb. Bu səbəbdən son dövrlərdə Rusiyanın siyasi dairələri ilə biznes sektorunun nümayəndələri arasında müəyyən narazılıqların və ziddiyyətlərin yaranması qətiyyən istisna deyil".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, hazırda biznes dairələri mövcud vəziyyətdən çıxış yolları axtarırlar. Təbii ki, bu sektorun əsas himayədarı hakimiyyət olduğuna görə onlar hakimiyyət dəyişikliyində qətiyyən maraqlı deyillər, hətta belə bir perspektivdən ciddi şəkildə narahat ola bilərlər. Çünki hakimiyyətin dəyişməsi biznes sektorunda da ciddi dəyişikliklərin baş verməsi deməkdir və Rusiyadakı oliqarxlar hələlik belə dəyişiklikləri istəməyə bilərlər. Bununla belə, biznes mühitinin artan risklərlə üzləşməsi onları ciddi şəkildə narahat edir. Bu baxımdan onlar daha sabit şəraitin formalaşmasında və biznes sahəsinin inkişafına imkan verəcək müəyyən dəyişikliklərin həyata keçirilməsində maraqlıdırlar. Görünən odur ki, hakimiyyətlə böyük kapital arasında müəyyən məsafənin və fikir ayrılıqlarının yaranmağa başladığını söyləmək üçün əsaslar mövcuddur. Ehtimal etmək olar ki, yaxın gələcəkdə Rusiyanın biznes dairələri ölkədə biznesin inkişafı üçün daha əlverişli şəraitin yaradılması, eləcə də müəyyən güzəştlərin tətbiqi ilə bağlı Kreml qarşısında istək və tələblər irəli sürə bilərlər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31