"Güclü Ermənistan" bloku Konstitusiya dəyişikliyi və Bakının tələblərinə qarşı çıxdı – ÖZƏL
14:32 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistanın "Güclü Ermənistan" blokunun nümayəndəsi Narek Karapetyan jurnalistlərə açıqlamasında Azərbaycanın təklif etdiyi Konstitusiya variantını dəstəkləməyəcəklərini bildirib. O, Bakının tələblərini qanunsuz adlandıraraq, ölkənin əsas qanununun xarici təzyiqlə dəyişdirilə bilməyəcəyini və referendum üçün öz fraksiyalarının razılığının tələb olunduğunu iddia edib.
Karapetyan sülh müqaviləsinin tərəfdarı olduqlarını, lakin bu sənədin gələcək təhlükələrin qarşısını almalı olduğunu qeyd edib. O, Azərbaycan rəhbərliyinin "Qərbi Azərbaycan" ritorikasını və miqrasiya ilə bağlı bəyanatlarını xatırladaraq, etnik tərkibin dəyişdirilməsinə icazə verməyəcəklərini deyib. Siyasətçi həmçinin xaricilərin Ermənistanda əmlak almasını məhdudlaşdırmaq üçün irəli sürdükləri qanun layihəsinin vacibliyini müdafiə edib.
Çıxışının davamında Karapetyan "HayPost" (Ermənistan Poçtu) ətrafındakı vəziyyətə və parlamentdəki siyasi gərginliyə toxunub. O, poçt xidmətlərinin qiymətlərinin dəfələrlə artmasına baxmayaraq mənfəətin olmamasını maraqların toqquşması ilə əlaqələndirib. Müxalifətçi deputat, həmçinin hakimiyyət nümayəndələrinin parlamentdəki ritorikasını tənqid edərək, cəmiyyətin deputatların etikadan kənar davranışlarından narazı olduğunu bildirib.