Xəzər dənizi birləşdirən su qovşağına çevrilir- ÖZƏL

"Düz səkkiz il əvvəl, yəni 2018-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatı yaradılanda əsas məqsəd regionun daxili problemlərini həll etmək idi. Azərbaycan isə çox tez bir zamanda bu birliyin böyük geosiyasi və geoiqtisadi potensial daşıdığını görərək orada yer almaq istədi. Amma iki böyük qonşumuz burada da bizə maneçilik törətməyə çalışdılar. Mərkəzi Asiyada özləri üçün daha yaxın saydıqları ölkəyə Azərbaycanın bu birliyə qoşulmasını əngəlləməsini tövsiyə etdilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Dövlətimizin başçısının atdığı qabaqlayıcı addımlar, qarşılıqlı güvənə dayanan şəxsi əlaqələri isə öz sözünü dedi. Ölkəmiz 2023-cü ilin sentyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına fəxri qonaq qismində dəvət olundu, 2025-ci il noyabrın 16-da Daşkənd sammitində isə birliyə tamhüquqlu üzv qəbul edildi.Cənab İlham Əliyev Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündəki çıxışında da vurğulandığı kimi C6 artıq vahid geosiyasi və geoiqtisadi məkandır.

Azərbaycanın burada yer alması Xəzərin  hər iki tərəfini birləşdirən bu qurumun geosiyasi subyektliyini də əhəmiyyətli dərəcədə artırır ki, bunu Mərkəzi Asiyada da görür və etiraf edirlər. Məsələn, Qazaxıstanın "24KZ" kanalında yerli ekspertlər bildirirlər ki, Azərbaycanın bu formata daxil olması Mərkəzi Asiyanın coğrafi sərhədlərini aşaraq Xəzər hövzəsi ilə birlikdə vahid makroregion formalaşdırıb və indiki qlobal qeyri-sabitlik şəraitində hərbi-texniki sahədəki birgə əməkdaşlığımız xarici təhdidlərə qarşı regional davamlılığı artırır.Özbəkistan analitikləri də bu fikirdədirlər ki, Azərbaycanın C5-ə qoşulması Mərkəzi Asiya və Cənubi Qafqazı vahid siyasi bloka çevirir. Qırğızıstanda Xəzərin dibi ilə çəkilən optik-lifli kabel layihəsini və gələcəkdə "yaşıl enerji"nin bu xətlərlə ötürülməsini regional inteqrasiyanın ən mühüm texnoloji təməli kimi görürlər. Tacikistanın ekspertləri Azərbaycanı Türkiyə və Avropa bazarlarına açılan əsas strateji tranzit qovşağı və özləri üçün dəstəkverən dövlət adlandırırlar.Göründüyü kimi Azərbaycan bu formata qoşulmaqla hamını artıq Xəzərə stəkanın boş yox, dolu tərəfindən baxdırır. Yəni Xəzər dənizi daha Mərkəzi Asiya ilə Qafqazı ayıran deyil, birləşdirən su qovşağıdır.                                              
Sonda onu da qeyd edim ki, Azərbaycan Prezidentinin Qırğızıstana bu dəfəki dövlət səfəri ilə Mərkəzi Asiyadakı müttəfiqlərimizin sayı üçə çatdı. Xatırladım ki, Qırğızıstandan öncə yəni 2022-ci ilin 24 avqustunda Qazaxıstanla, 2024-cü ilin 23 avqustunda isə Özbəkistanla biz müttəfiqlik sazişi imzalamışıq. Türkmənistan və Tacikistanla isə yüksək səviyyəli strateji tərəfdaşlıq anlaşmamız var. Bilirsinizmi belə bir reallığın yaranması ilk növbədə nə ilə bağlıdır? İkinci Qarabağ savaşında əldə etdiyimiz qələbə ilə!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31