"Revanşist düşüncə sülh prosesinin əsas maneələrindən biridir"- politoloqdan açıqlama - ÖZƏL

Ermənistan müxalifətinin nümayəndəsi Edmon Marukyan Baş nazir Nikol Paşinyanın siyasi gələcəyinin sual altında olduğunu iddia edib. O, "Sabah Paşinyan artıq baş nazir olmaya bilər" deyərək, hakimiyyətdən getdikdən sonra Paşinyanın Azərbaycana gedəcəyini və Bakıda alqışlanacağını irəli sürüb.

Edmon Marukyanın bu açıqlamaları Ermənistanın daxili siyasi vəziyyəti və hakimiyyət-müxalifət münasibətləri baxımından nəyi göstərir? Bu cür bəyanatlar Paşinyanın siyasi mövqeyinə və Azərbaycan-Ermənistan münasibətlərinə necə təsir edə bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Edmon Marukyanın bəyanatlarına fikir verməyə ehtiyac yoxdur. Çünki bu şəxs vaxtilə parlamentdə təmsil olunub, sonra Paşinyanın xüsusi nümayəndəsi olub və daha sonra Paşinyana müxalifətə keçib.
Xüsusi ciddi siyasi çəkisi olmayan və revanşist düşüncələrlə çıxış edən bir şəxsdir. Son parlament seçkiləri də bir daha göstərdi ki, onun Ermənistan cəmiyyətində hansısa bir tərəfdarı və ya onu dəstəkləyən qüvvələr demək olar ki, yox səviyyəsindədir. Çünki onun partiyası bir faizin altında səs aldı.
O ki qaldı Paşinyanla bağlı səsləndirdiyi bəyanatlara, bunlar siyasi düşüncə və təhlil nəticəsində səslənən fikirlər deyil. Bu, sadəcə olaraq revanşist və anti-Azərbaycan zehniyyətindən gözü kor olmuş şəxslərin  söylədikləri fikirlər kimi qəbul edilməlidir.
Bu cür bəyanatlar, əlbəttə ki, Azərbaycan-Ermənistan münasibətlərinə hər hansı təsir göstərməyəcək. Amma ümumiyyətlə, Ermənistan cəmiyyətində bu cür ictimai-siyasi fəalların çoxluğu, əlbəttə ki, prosesə mənfi təsir edir, sülh müqaviləsinin imzalanmasını ləngidir, konstitusiya dəyişiklikləri ilə bağlı referendumun keçirilməsini ləngidir.
Təəssüf ki, Ermənistan cəmiyyətində Marukyan kimi düşünən və danışan insanlar kifayət qədər çoxdur".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31