Azərbaycan-Qırğızıstan müttəfiqliyi Türk dünyasında yeni strateji mərhələdir- ÖZƏL

"Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri və münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldilməsi Azərbaycanın Türk dünyası ilə bağlı xarici siyasət strategiyasında yeni institusional mərhələnin başlandığını göstərir. Bu addım iki ölkə arasında siyasi etimadın ən yüksək səviyyəyə çatdığını təsdiqləməklə yanaşı, gələcək əməkdaşlıq üçün hüquqi və strateji baza yaradır. Müttəfiqlik formatı artıq tərəflərin regional və beynəlxalq məsələlərdə daha sıx koordinasiya etməsinə, iqtisadi layihələri uzunmüddətli perspektiv əsasında həyata keçirməsinə və qarşılıqlı dəstək mexanizmlərini gücləndirməsinə imkan verəcək".

Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlamasında söyləyib:

"İmzalanan sənədlər xüsusilə nəqliyyat və logistika baxımından böyük perspektivlər açır. Azərbaycan Cənubi Qafqazın, Qırğızıstan isə Mərkəzi Asiyanın mühüm nəqliyyat halqalarından biridir. Orta Dəhlizin strateji əhəmiyyətinin artdığı bir dövrdə Bakı ilə Bişkek arasında koordinasiyanın güclənməsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rəqabət qabiliyyətini artıracaq, ticarət dövriyyəsinin genişlənməsinə və yeni investisiya layihələrinin reallaşmasına əlavə stimul verəcək. Enerji, kənd təsərrüfatı, rəqəmsal iqtisadiyyat və təhsil sahələrində nəzərdə tutulan əməkdaşlıq isə iqtisadi münasibətlərin daha şaxələndirilmiş modelə keçməsini təmin edəcək.

Qırğızıstanın Ağdam rayonunun Xıdırlı kəndində tam orta məktəb tikməsi xüsusi siyasi və mənəvi əhəmiyyət daşıyır. Bu layihə təkcə sosial infrastrukturun qurulmasına töhfə deyil, həm də işğaldan azad edilmiş ərazilərin bərpasında Türk dövlətlərinin həmrəyliyinin praktik ifadəsidir. Bu yanaşma Türk dünyasında qarşılıqlı etimadın və ortaq məsuliyyət hissinin gücləndiyini nümayiş etdirir.

Türk Dövlətləri Təşkilatı baxımından bu razılaşmalar inteqrasiyanın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir. Son illər təşkilat təkcə mədəni-humanitar platforma deyil, eyni zamanda iqtisadi, nəqliyyat, enerji və təhlükəsizlik əməkdaşlığını əlaqələndirən təsirli regional institut kimi formalaşır. Azərbaycan-Qırğızıstan müttəfiqliyi bu prosesə əlavə dinamika verir, təşkilat daxilində institusional koordinasiyanı gücləndirir və ortaq layihələrin həyata keçirilməsi üçün daha əlverişli zəmin yaradır.

Geosiyasi baxımdan isə bu səfər Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin dərinləşdirilməsi strategiyasının mühüm tərkib hissəsidir. Qlobal nəqliyyat marşrutlarının yenidən formalaşdığı, enerji və logistika təhlükəsizliyinin ön plana çıxdığı bir dövrdə Bakı ilə Bişkek arasında strateji tərəfdaşlığın müttəfiqlik səviyyəsinə yüksəlməsi Cənubi Qafqaz və Mərkəzi Asiya arasında inteqrasiyanı sürətləndirir. Bu, həm Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına, həm də Avrasiyada yeni əməkdaşlıq və iqtisadi əlaqələr sisteminin formalaşmasına mühüm töhfə verən strateji addım kimi qiymətləndirilə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31