“Bişkek səfəri Türk dünyasının inteqrasiyasında yeni mərhələdir” – ÖZƏL
15:59 SiyasətAzərbaycanın xarici siyasətində Türk dünyası ilə strateji tərəfdaşlıq yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri çərçivəsində keçirilən Dövlətlərarası Şuranın 3-cü iclasında imzalanan qərar iki ölkə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldib. Sənəddə ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi prioritet seçilib. Qırğızıstanın işğaldan azad edilmiş Ağdamın Xıdırlı kəndində tam orta məktəb inşası isə Türk dövlətləri arasındakı qardaşlığın bariz nümunəsidir.
"Bu səfər təkcə iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin inkişafı baxımından deyil, həm də türk dünyasının inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır".
Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, söhbət türk dünyasını birləşdirən dövlətlərin bir-birinə həm iqtisadi, həm də siyasi baxımdan daha da yaxınlaşmasından gedir. Qırğızıstanla münasibətlərdə imzalanan sənədlər yeni imkanların yaranmasına yol açır. Bu əməkdaşlıq çərçivəsində həm Azərbaycan, həm də Qırğızıstan iqtisadi baxımdan mühüm imkanlar əldə edir. Xəzər hövzəsi üzərindən əlaqələrin genişlənməsi, Asiya ilə bağlılığın güclənməsi, Orta Dəhlizin inkişafı və Avropa-Asiya nəqliyyat marşrutunun daha da fəallaşması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu gün Azərbaycan bu istiqamətdə böyük işlər həyata keçirir və Qırğızıstanla əməkdaşlıq da həmin prosesin mühüm hissəsidir. Həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də MDB məkanında Azərbaycan və Qırğızıstan arasında yaxın münasibətlər formalaşıb. Tərəflər infrastruktur, iqtisadiyyat və siyasət sahələrində bir-birinə dəstək verir, eyni zamanda yeni layihələrin həyata keçirilməsi istiqamətində əməkdaşlıq edirlər. Digər mühüm məqam türk dünyasına inteqrasiyanın güclənməsidir. Bildiyiniz kimi, türk dünyası getdikcə genişlənir və regional mövqelərini daha da möhkəmləndirir. İmzalanan sənədlər də göstərir ki, hər iki dövlət türk dünyasının gələcəyi ilə bağlı eyni baxışları bölüşür və bu istiqamətdə ortaq yol izləyir. Bu, siyasi və strateji baxımdan mühüm əhəmiyyət daşıyan bir yanaşmadır. Digər tərəfdən, Xıdırlı kəndində məktəbin inşa edilməsi də Qırğızıstana göstərilən hörmətin və dostluğun nümunəsidir. Bu addım Azərbaycanla Qırğızıstan arasında münasibətlərin daha da yaxınlaşmasına, iki xalqın və iki mədəniyyətin bir-birinə daha sıx bağlanmasına xidmət edir. Məktəbin məhz həmin ərazidə tikilməsi də bu əməkdaşlığın və qardaşlığın simvolik göstəricilərindən biridir.
Səidə Ramazanova