Təhlükəsiz və yüksək sürətli rəqəmsal dəhliz- ÖZƏL

"Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlanılması Azərbaycanın rəqəmsal gələcəyi baxımından strateji əhəmiyyət daşıyan hadisələrdən biridir. Bu layihə ölkəmizin təkcə enerji və nəqliyyat sahəsində deyil, həm də rəqəmsal kommunikasiyalar sahəsində regional mərkəzə çevrilməsi istiqamətində atılan mühüm addımdır". Olaylar xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib:
"Layihənin əsas məqsədi Xəzər dənizinin dibi ilə Azərbaycan və Qazaxıstan arasında yüksəksürətli fiber-optik kabel xəttinin çəkilməsidir. Bu kabel Mərkəzi Asiya ilə Avropa arasında məlumat ötürülməsi üçün yeni, təhlükəsiz və yüksək sürətli rəqəmsal dəhliz yaradacaq. Əslində, bu layihə Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən Orta Dəhlizin rəqəmsal komponenti kimi qiymətləndirilə bilər. Necə ki, Orta Dəhliz yüklərin Asiyadan Avropaya daşınmasını təmin edir, Transxəzər Fiber-Optik Kabel Xətti də məlumatların eyni marşrut üzrə daha sürətli və təhlükəsiz ötürülməsinə xidmət edəcək.
Layihənin əsas iştirakçıları Azərbaycan və Qazaxıstandır. Bununla yanaşı, gələcəkdə Özbəkistan, Qırğızıstan, Türkmənistan kimi Mərkəzi Asiya dövlətləri də bu rəqəmsal bağlantıdan istifadə edərək Azərbaycan üzərindən Avropa telekommunikasiya şəbəkələrinə çıxış əldə edəcəklər. Beləliklə, ölkəmiz Avropa ilə Mərkəzi Asiya arasında mühüm rəqəmsal körpü rolunu daha da gücləndirəcək.
Bu layihənin iqtisadi əhəmiyyəti olduqca böyükdür. İlk növbədə, Azərbaycan beynəlxalq internet trafikinin tranzitindən əlavə gəlirlər əldə edəcək. Bu gün enerji və nəqliyyat sahəsində olduğu kimi, gələcəkdə rəqəmsal məlumat axınlarının tranziti də ölkələr üçün mühüm gəlir mənbəyinə çevriləcək. Məlumat ötürülməsi sahəsində etibarlı infrastrukturun formalaşdırılması Azərbaycanın qeyri-neft sektorunun inkişafına da ciddi töhfə verəcək.
Digər mühüm məsələ isə xarici investisiyaların cəlb edilməsidir. Güclü rəqəmsal infrastruktur beynəlxalq texnologiya şirkətlərinin, data mərkəzlərinin, bulud xidmətləri göstərən platformaların və innovativ bizneslərin Azərbaycana marağını artıracaq. Bu isə yeni investisiyalar, yüksək ixtisaslı iş yerləri və rəqəmsal iqtisadiyyatın inkişafı deməkdir.
Layihənin geosiyasi əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Son illərdə qlobal internet trafikinin təhlükəsizliyi və alternativ marşrutların yaradılması beynəlxalq gündəliyin əsas mövzularından birinə çevrilib. Bu baxımdan Transxəzər Fiber-Optik Kabel Xətti Avropa ilə Asiya arasında mövcud rəqəmsal əlaqələri şaxələndirəcək və məlumat ötürülməsinin təhlükəsizliyini artıracaq. Bu isə Azərbaycanın beynəlxalq rəqəmsal kommunikasiyalar sistemində strateji rolunu daha da gücləndirəcək.
Təsadüfi deyil ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan enerji və nəqliyyat sahələrində olduğu kimi, rəqəmsal transformasiya istiqamətində də mühüm layihələrin təşəbbüskarı kimi çıxış edir. "Rəqəmsal İpək Yolu" təşəbbüsü, Orta Dəhlizin inkişafı və Transxəzər Fiber-Optik Kabel Xətti bu strategiyanın mühüm tərkib hissələridir.
Nəticə etibarilə, Transxəzər Fiber-Optik Kabel Xəttinin çəkilişinə başlanılması təkcə telekommunikasiya layihəsi deyil. Bu, Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafına, qeyri-neft sektorunun genişlənməsinə, ölkəmizin beynəlxalq rəqəmsal tranzit mərkəzinə çevrilməsinə və Avropa ilə Mərkəzi Asiya arasında strateji bağlantının daha da möhkəmlənməsinə xidmət edən mühüm geoiqtisadi layihədir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31