Narek Karapetyandan həbs xəbərdarlığı: Hakimlərin məqsədi məni məhdudlaşdırmaqdır – ÖZƏL
13:32 SiyasətOlaylar.az xəbər verir ki, "Güclü Ermənistan" fraksiyasının deputatı Narek Karapetyan evində aparılan axtarışlar və ehtimal olunan həbsi ilə bağlı jurnalistlərə açıqlama verib. Siyasətçi bildirib ki, irəli sürülən ittihamın mahiyyətindən xəbərsizdir və hər ay ona qarşı yeni bir iddianın ortaya atılması mümkündür. N. Karapetyanın sözlərinə görə, hakimiyyətin əsas məqsədi siyasi rəqibini məhdudlaşdırmaqdır və seçki siyahısında bir nömrə olan şəxsin həbs olunması görünməmiş bir addım olsa da, bu, ikrah doğuraraq əks-effekt verəcək. Silahdaşı Alik Aleksanyanın həbs müddətinin uzadılmasını gözlənilən addım kimi dəyərləndirən deputat, onun əhvalının yüksək və qələbəyə kökləndiyini vurğulayıb.
Parlamentin ilk iclasında iştirak etmək niyyətində olduğunu bildirən N. Karapetyan, hakimiyyətin maneələr yaratmaması üçün fraksiyasının təmsil olunacağı komissiyaların adlarını açıqlamaqdan imtina edib və onların fəaliyyətinə nəzarət edə biləcəkləri qurumları seçəcəklərini qeyd edib. Katolikosun parlamentə dəvət olunmaması fonunda iştiraklarının iclası legitimləşdirib-legitimləşdirməməsi barədə suala cavab verən deputat bu fikirlə razılaşmayıb və Katolikosla görüşməyə çalışacaqlarını bildirib. O, Patriarxın bütün ermənilər tərəfindən seçildiyini və heç bir siyasi xadimin kilsənin işlərinə qarışmaq hüququnun olmadığını xatırladıb. Parlament sədrinin seçilməsi məsələsinə də toxunan N. Karapetyan sarkazmla soruşub ki, söhbət Türkiyədə təhsil alan və bu faktı gizlətməyə çalışan namizəddən gedir? O, əlavə edib ki, başqa namizəd irəli sürüləcəyi təqdirdə səsvermədə iştirak məsələsinə yenidən baxacaqlar.